"Hətta oyunçu formasını çıxarıb, hakimə göstərdi ki..." – “Xankəndi” özünə gələ bilmir

31.10.2026 12:46 72
Ölkə futbolu / Manşet
Ölkə kubokunun 2-ci təsnifat mərhələsinin Şamaxıda keçirilən “Xankəndi” – “Gəncəbasar” oyunu maraqlı mübarizəyə səhnə oldu. 2-ci liqanın lideri qarabağlıları yalnız Dileyn Açiminin 120-ci dəqiqədə vurduğu penalti qolu ilə mübarizədən kənarlaşdırdı. Həmin penalti isə...

“Gəncəbasar”ın hücumu zamanı Dinamin Bağırovun zərbəsi cərimə meydançası daxilində Ramin Abdullayevin belinə tuş gəldi. Lakin referi Mahmud Bağırzadə hər kəsdə təəccüb doğuran penalti qərarını verdi. “Xankəndi”nin baş məşqçisi

Röyal Nəcəfov həmin qərarla bağlı “Football-plus.az”a danışdı:

“Vallah, oyunun içində də biz gördük ki, top qapıya gedərkən oyunçumuzun belinə - kürəyinə dəydi. Hətta oyunçu formasını çıxarıb, hakimə göstərdi ki, həqiqətən top dəyibsə, qızartısı qalmalıdı. Həmin qızartını göstərsə də, hakim qərarını dəyişmədi. Təbii ki, etirazımızı, yanlış qərar olduğunu bildirdik. İndi də deyirəm, orda penaltidən söhbət belə gedə bilməz. Sadəcə, hakim belə qərar verdi və nəticədə məğlub olduq. Uşaqların əziyyətinə heyfim gəlir. 120 dəqiqə mübarizə apardılar. Bəlkə də penalti olmasaydı da, məğlub ola bilərdik - futboldu. Amma ən azı biləcəkdik ki, hakim səhvinə görə yox, öz istifadə edə bilmədiyimiz penaltilərdən məğlub olduq.

Məğlubiyyəti qəbul, yolumuza davam etmək lazımdı”.


İSRAYIL XEYRULLAYEV