Belə ki, “köhlən atlar” tovuzluların qapısına 3-cü qolu penaltidən vurdu. Referi Tural Qurbanov “Qarabağ”ın hücumçusu Olavio Juninyonun rəqibin cərimə meydançası daxilində yerdə qaldığını görərək “nöqtə”ni göstərdi. Baş hakimin bu qərarından sonra VAR otağından epizodun yenidən dəyərləndirilməsi ilə bağlı xəbərdarlıq gəldi Qurbanov cərimə zərbəsinin yerinə yetirilməsinə icazə vermədi. Özü də VAR-a baxdı. Təəccüb doğuran məqam isə baş hakimin VAR-a baxandan sonra da qərarını dəyişməməsidi.
“CBC Sport”un efirində epizoda bir neçə rakursdan baxmaq mümkün oldu. Hər dəfə baxanda da açıq-aşkar görünür ki, İsmayıl Azzazuinin ayağı Juninyoya toxunmayıb. Sadəcə, forvard irəliləyərkən ayaqları bir-birinə ilişir və yerdə qalır. Maraq doğuran digər məqam isə Ayxan Abbasovun oyundan sonra həmin epizodla bağlı danışarkən bu qolun heç bir rol oynamadığını, onsuz da hesabda 1:2 geridə olduqlarını və Qurbanovun oyunu yetərincə düzgün idarə etdiyini deməsidi. Bu epizodu çıxsaq, bəli, doğrudu, hakim yaxşı idarəçiliklə yadda qaldı. Sadəcə, penalti epizodu ilə bağlı ictimaiyyətin beynini gəmirən suallar az deyil. "Football-plus.az" veteran hakim Rüstəm Rəhimovun reaksiyasını öyrənib:
"Tural çox yaxşı, mədəni, alicənab oğlandı. Əvvəllər də onun idarə etdiyi oyunlardan birini izləmişdim və çox bəyənmişdim. Güclü potensialı var. Hələ ki gəncdi. Epizoda gəlincə, mən də elə “CBC Sport”un yayınında baxdım. Yəni Tural epizoda heç bir o qədər də uzaq deyil. Yayında gördüyüm qədəriylə orda penalti yoxdu, çünki Juninyoya heç bir toxunuş olmayıb”.
KAMAL SƏFƏR




