''Fənərbaxça'' bu yığma ''pəncərəsində'' əsas oyunçularından birini itirib.
"Football-plus.az" xəbər verir ki, söhbət polşalı Sebastyan Şimanskidən gedir. Polşa DÇ-2026-nın seçmə mərhələsində öz meydanında Niderland ilə 1:1 bərabərə qaldı. Həmin qarşılaşmada start heyətində meydana çıxan Şimanski artıq 13-cü dəqiqədə əzələsindən zədə alaraq əvəzləndi.
Polşanın çalışdırıcısı Yan Urban bu futbolçunun Maltaya qarşı növbəti oyunda iştirak etməyəcəyini açıqladı. Amma yığmanın həkimlərinin tibbi müayinəsindən sonra vəziyyətin ciddi olduğu üzə çıxıb. Türkiyənin ''Sabah'' nəşrinin yazdığına inansaq, 26 yaşlı yarımmüdafiəçi ən azı 1 ay topa toxuna bilməyəcək. Bu da o deməkdi ki, Şimanski ''Qalatasaray''la derbi də daxil olmaqla ''Fənərbaxça''nın qarşıdakı 6 rəsmi matçını buraxmalı olacaq! Ancaq ''Hürriyət'' nəşrinin iddiasına görə Şimanskinin dekabrın 1-də baş tutacaq prinsipial derbidə iştirak etmək ehtimalı var.
Hər halda ''Fənər'' həkimlərinin aparacağı müalicə kursundan da çox şey asılı olacaq. 2023-cü ildən İstanbul nəhənginin şərəfini qoruyan Şimanski bu mövsüm 20 rəsmi oyunda iştirak edərək aktivinə 2 qol, 2 məhsuldar ötürmə yazıb.