BOS-u seçmək yanlış qərar idi! - tribunaların yarısı belə dolmadı, jurnalistlər əziyyət çəkdi

16.10.2026 13:59 144
Avrokuboklar / Manşet
Ölkəmizi Çempionlar Liqasının liqa mərhələsində təmsil edən “Sabah”ın ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməklə bağlı qərarı heç də birmənalı qarşılanmamışdı. Nəhəng stadionun seçilməsi müəyyən mənada doğru qərar sayıla bilərdi. Ancaq bu seçimin mənfi tərəflərinin də olacağı aydın idi. Bu dəfə məsələni jurnalist gözü ilə qiymətləndirmək istəyirəm. Oyundan əvvəl və sonra yaşadıqlarım göstərdi ki, problem təkcə stadionun tutumu ilə bağlı deyil, təşkilati məsələlərdə ciddi axsama var.

Oyundan bir gün əvvəl keçirilən mətbuat konfransını və açıq məşqi izləmək üçün BOS-a yollandıq. Stadionun ərazisinə çatanda girişin hardan olduğunu göstərən istiqamətləndirici nişanların olmaması vaxt itirməyimizə səbəb oldu. İlk yaxınlaşdığımız girişdə bizə yalnız adlı siyahı əsasında içəri buraxılmağın mümkün olduğu bildirildi. Bir sözlə, avtomobilin varsa, işin asandı, yoxdusa, əlavə çətinliklərlə üzləşirsən.
Təxminən 15 dəqiqə stadionun ətrafında dolaşandan sonra içəridə tanış simaya rast gəldik və onun köməyi ilə girişi müəyyənləşdirə bildik. İçəri daxil olandan sonra üzərində “media” yazısı olan 5-6 otaq arasında konfrans otağını tapmaq üçün daha 10 dəqiqə sərf etdik. Nəticədə biz çatanda artıq Valdas Dambrauskasın mətbuat konfransı bitmək üzrə idi.

Daha sonra açıq məşqi izləmək üçün bizi 4-cü mərtəbəyə yönəltdilər. Məlum olduğu kimi, belə məşqlərin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olur. Təxminən 15 jurnalistlə birlikdə bizə ayrılmış əraziyə yaxınlaşanda mühafizəçi xanım kobud şəkildə bizi uzaqlaşdırmağa çalışdı və iş görməyimizə imkan vermədi. Vəziyyəti izah edəndə ona belə bir təlimatın verilmədiyini söylədi. Ardınca rəhbəri ilə əlaqə saxladığını və cavab gözlədiyini bildirdi. Beləcə məşqin mediaya açıq olan 15 dəqiqəsinin bir hissəsi gözləməklə keçdi. Nəhayət, rəhbərlikdən icazə gəldi. İşə başlamağa hazırlaşdığımız anda başqa bir şəxsin aşağıdan “bunları kim bura buraxıb?”, “çəkiliş olmaz!” qışqırması vəziyyəti yenidən qarışdırdı. Mühafizəçi xanım rəhbərindən icazə aldığını bir neçə dəfə təkrarlayandan sonra həmin şəxs uzaqlaşdı. Xoşagəlməz mənzərə idi. Problem media nümayəndələrinin qaydaları pozmasından yox, məsul şəxslər arasında əlaqələndirmənin olmamasından qaynaqlanırdı.

Məşqi “uğurla” işıqlandırandan sonra rəqibin mətbuat konfransına yollandıq. Bu mərhələdə tərcümənin qulaqcıqlar vasitəsilə sinxron şəkildə aparılacağını gözləyirdik. Qulaqcıqlarımızı götürüb əyləşdik və rəqibin baş məşqçisinin gəlməsini gözlədik. Mütəxəssis zalda yerini tutandan sonra məlum oldu ki, tərcümə ilə bağlı da ciddi problemlər var. Tərcüməçinin Azərbaycan dilində dediyi ifadələr “axşamınız xeyir”, “salam” və “xoş gəlmisiz” kimi sözlərlə məhdudlaşırdı. Suallara verilən cavabları isə normal şəkildə izləmək mümkün deyildi. Tərcümə zamanı sualların mahiyyətinə uyğun, dolğun cavab almaq mümkün olmadı.

Əsas sınaq hələ qarşıda idi: oyun günü stadionda işləmək. Stadiona təxminən iki saat əvvəl yollandım. Ancaq əvvəlki gün istifadə etdiyim girişə yaxınlaşanda yenidən geri qaytarıldım. İstiqaməti göstərməli olan könüllülərdən kömək istədim, amma onlar da hara getməli olduğumu bilmirdilər. Nəticədə başqa çıxış yolu tapmayaraq azarkeş kütləsinin arxasınca hərəkət etməyə başladım. Yalnız bundan sonra, nəhayət, girişə çatdım. Burda da vəziyyət ürəkaçan deyildi. Kosmetik vasitələrin stadiona keçirilməsinə qoyulan qadağa qadın azarkeşlərdə narazılıq doğurdu. Çantamı rentgen aparatından keçirdim, özüm isə xüsusi yoxlama qurğusundan daxil oldum. İlk yoxlamada cihaz heç bir siqnal vermədi. Buna baxmayaraq, polis əməkdaşı mənə kobud şəkildə “hara gedirsən”, - deyə müraciət etdi. Daha sonra üst geyimimi çıxarmağı tələb etdi və ikinci yoxlamadan sonra stadiona daxil ola bildim.

Jurnalistlər üçün ayrılan tribuna 5-ci mərtəbədə yerləşirdi. Liftlə yuxarı qalxandan sonra, nəhayət, təşkilatçılıq baxımından müsbət bir məqamla qarşılaşdım. Masaların üzərinə media nümayəndələrinin şəkilləri yerləşdirilmişdi - yer seçimini asanlaşdıran və diqqətəlayiq addım idi. Deməli, təşkilati məsələlərdə müsbət nümunə də varmış.

“Sabah” hər ev oyununa daha çox azarkeş cəlb etmək üçün satışa kombo biletlər çıxarmışdı. Ancaq qarşılaşma günü tribunaların təxminən üçdəbiri doldu. Belə böyük arenada azarkeşlər seyrək yerləşdiyindən ümumi səs-küy və futbol atmosferi də gözlənilən səviyyədə deyildi. BOS-un tutumu nəzəri baxımdan üstünlük yaratsa da, stadionun böyük olması özü-özlüyündə möhtəşəm atmosfer demək deyil. Bunun üçün tribunaların dolması, azarkeşlərin komandanı enerjili şəkildə dəstəkləməsi vacibdi.

Tərcümə problemi oyunsonrası mətbuat konfransında da davam etdi. Trpişovski danışarkən, sadəcə, tərcüməçinin nə demək istədiyini anlamağa çalışırdıq.

BOS seçiminin müsbət tərəflərini danmaq olmaz. Daha böyük tutum, infrastruktur imkanları yaxşı haldı. Ancaq belə qərar yalnız stadionun ölçüsü ilə əsaslandırılmamalıdı. Komandanın real azarkeş potensialı, tribunaların dolmaq ehtimalı, atmosfer və təşkilati imkanlar da nəzərə alınmalıdı. “Sabah” üçün Çempionlar Liqasının liqa mərhələsində ev oyunlarını BOS-da keçirmək iddialı addım idi. Lakin oyun günü tribunaların mənzərəsi və media nümayəndələrinin üzləşdiyi çətinliklər göstərdi ki, daha ciddi hazırlıq tələb olunurdu. Ən azı stadionun girişləri aydın nişanlanmalı, media nümayəndələrinə əvvəlcədən dəqiq istiqamətlər verilməli, könüllülər və mühafizə əməkdaşları təlimatlandırılmalı, açıq məşq və miks-zona ilə bağlı qaydalar bütün məsul şəxslərə çatdırılmalı idi.

Beynəlxalq oyun zamanı jurnalistlərin giriş axtarması, çəkiliş üçün icazə gözləməsi və tərcümə probleminə görə suallarına cavab ala bilməməsi heç də ürəkaçan deyil.

“Sabah”ın daha çox azarkeş cəlb etmək üçün irəli sürdüyü kombo bilet ideyası da gözlənilən nəticəni vermədi. Stadionun yalnız bir hissəsinin dolması göstərdi ki, bu strategiya cızılarkən bütün variantlar hesablanmayıb.

İSRAYIL XEYRULLAYEV