Alkaras təqvimin sıxlığından narazıdı - “onu tezliklə görəcəyimə ümid edirəm”

16.10.2026 14:20 63
İdman
Cari mövsümdə 6 titul qazanan Yannik Sinnerin zədə üzündən ilin sonuna qədər korta çıxa bilməyəcəyini xəbər vermişdik. 25 yaşlı italiyalı tennisçi diz zədəsindən əziyyət çəkir. Onun durumuna həmkarları da biganə qalmayıb.

Dünyanın 3-cü raketkası, ispaniyalı Karlos Alkaras belə hesab edir ki, ATP-nin sıx təqvimi üzündən tennisçilər əziyyət çəkir: “Oyunçuların zədələnməsinin səbəblərindən biri odu ki, hədsiz çox sayda turnirdə iştiraka məcbur etməklə bizi yükləyirlər. Düşünürəm ki, bu proses doğru istiqamətdə getmir. Sadəcə, Yannikə bərpa olunmağı arzulayıram ki, gələn mövsüm yaxşı formada olsun. Onu tezliklə görəcəyimə ümid edirəm”.
İspaniyalı özü də 2026 mövsümündə sağ biləyindəki zədə üzündən 4,5 ayı buraxıb.

“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi Novak Cokoviç də Sinnerin mövsümü vaxtından əvvəl bitirmək qərarını şərh edib:

“Yannik zədə alandan bəri onunla danışmamışam. Əlaqə saxlayacam ki, görüm necədi. Karyeramda ciddi zədələr alan adam kimi dönüşün necə çətin olduğunu bilirəm. Uzun müddət kortdan kənarda qalanda həmişəkindən daha çox problemin öhdəsindən gəlməli olursan, xüsusən də psixoloji planda. Onun və komandasının ağıllı qərarlar qəbul etdiyinə əminəm. O, son illərdə dünyanın ən yaxşı oyunçusu və Karlos Alkarasla birgə dominantlıq edən gücdü. Tennisdə Yannik çatmır, ancaq eyni zamanda, o, uzunmüddətli perspektivi də düşünməlidi”.