“Əsas rəqiblər bəlkə də bizdən dörd dəfə çox pul xərcləyirlər” – üç qol buraxan liderin çalışdırıcısı danışdı

9.10.2026 23:48 63
Ölkə futbolu / Manşet
Ölkə kubokunda 1-ci təsnifat mərhələsi geridə qaldı.

Bilindiyi kimi, bu çərçivədə yalnız 2-ci liqa komandaları qarşılaşdı. Maraqlı nəticələrdən biri də Şirvanda qeydə alındı. Belə ki, bölgənin eyniadlı təmsilçisi 2-ci liqanın lideri olsa da, autsayder “Kür-Araz”a uduzdu (1:3). Özü də meydan sahibləri “doğma divarlar” araasında ilk hissədə üç cavabsız qol buraxdı.

Gözlənilməz məğlubiyyətin səbəbini öyrənmək məqsədi ilə “Şirvan”ın baş məşqçisi Pərviz Bayramovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Heyət geniş deyil. Maliyyə gücümüzün də bir limiti var. Düzgün idarə edə bilməsək, sonda hansısa futbolçunun yanında yalançı olarıq. Bu, bizə, “Şirvan”a yaraşmaz. Əvvəldən düşünmüşdüm ki, kubok matçında heyətdə rotasiya edəcəm. Təcrübəsiz olsalar da, Şirvandan olan, oyunlarda az şans qazanan futbolçulara şans verəcəm. Onsuz da heyətin geniş olmaması bizə çempionat matçlarında da problem yaradacaq, nəinki kubok... Ayağı sınan, çiyin bağları qopan, zədəli futbolçularımız var. Bütün bunlara rəğmən, yola davam edirik. Hədəf yarışı mümkün qədər yüksək pillələrdə başa vurmaqdı. Əsas rəqiblər bəlkə də bizdən dörd dəfə çox pul xərcləyirlər. Bəli, hər şey pulla ölçülmür, bəzən görülən iş özünü göstərir. Ancaq 2-ci liqada yaxşı şərait çox vacibdi”.

Xatırladaq ki, “Şirvan” 2-ci liqada 16 xalla liderdi.

KƏNAN BAHADIR