Zədə, yaş meydan və... - lider autsayderdən necə üç top buraxdı?

8.10.2026 12:52 18
Ölkə futbolu
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında maraqlı nəticə qeydə alınıb.

İlk 5 oyunun hamısında qələbə qazanan “Şirvan” 6-cı turda evdə autsayder “Difai” ilə bacarmayıb – 3:3. Bəs Ağsu təmsilçisi ilə oyundakı sürpriz xal itkisinin səbəbi nədi? “Football-plus.az” bu suala cavab tapmaq üçün “Şirvan”ın meneceri Emin Məmmədovla əlaqə saxlayıb:

“Düşünürəm ki, bu oyunda xal itirməyimizə bir neçə amil təsir etdi. İlk növbədə, əsas oyunçulardan bir neçəsinin zədəli olması bizə müəyyən çətinlik yaratdı. Digər tərəfdən, meydanın həddən artıq yaş olması da oyunun axarına təsir edən amillərdən biri idi. Futbolda belə oyunlar həmişə çətin olur. Xüsusilə turnir cədvəlində daha aşağı yerlərdə olan komandalar yuxarı sıralarda qərarlaşan rəqiblərə qarşı özlərini göstərmək və xal qazanmaq üçün daha böyük motivasiya ilə meydana çıxırlar. “Difai” də bu oyuna kifayət qədər inamlı və mübariz başladı. Erkən qol buraxmaq da bizim üçün əlavə çətinlik yaratdı. Belə vəziyyətdə rəqib müdafiəsini daha da gücləndirir. Sən isə bir top geridə olduğun üçün maksimum gücünü ortaya qoyaraq hesabı dəyişməyə çalışmalısan. Biz bunu bacardıq, hesabı bərabərləşdirdik, hətta önə keçdik. Təəssüf ki, uzatma dəqiqələrində qapımıza təyin olunan penalti nəticəsində qələbəni əldən verdik. Amma bu, uzun və gərgin turnirdi. Burda heç kim əvvəlcədən özünü “sığortalanmış” hesab edə bilməz. Əsas odu ki, belə oyunlardan düzgün nəticə çıxarıb, yolumuza davam edək. Məqsədimiz və hədəfimiz dəyişməyib – birinci liqaya yüksəlməliyik. Xal itirməyimizə baxmayaraq, turnir cədvəlində mövqeyimizi qoruyuruq, yenə liderik. Təbii ki, məqsəd liderliyi qorumaqla yanaşı, xal fərqini də mümkün qədər artırmaqdı. Bunun üçün qarşıdakı hər oyuna maksimum konsentrasiya ilə yanaşmalıyıq.

Artıq “Difai” ilə oyunu unutmuşuq. Bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Əvvəlcə ölkə kubokunda bizi vacib oyun gözləyir, daha sonra “Zəngəzur”la qarşılaşacağıq. Qarşıda uzun çempionat var, mövsümün sonuna qədər əsas hədəfimiz uğrunda mübarizəni davam etdirəcəyik”.


İSRAYIL XEYRULLAYEV