O, iki uşağının anası Vanda Naradan rəsmən boşandıqlarını vurğulayaraq 2024-ün noyabrından bu yana davam edən prosesin başa çatdığını açıqlayıb. Ünlü forvard məhkəmənin qərarının bəzi detallarına da yer verib.
Məsələn, məlum olub ki, Vanda Nara öz dolanışığını təmin edə bildiyi və yetərli qədər gəliri olduğu üçün məhkəmə onun aylıq 250 min avroluq aliment tələbini geri çevirib. Bundan başqa Nara bu evlilik üzündən karyerasında fədakarlıq etdiyini sübut etməyə çalışaraq buna görə də aliment tələb edib. Amma qalmaqallı xanım bu istəyinə də çata bilməyib. İkardi həm də boşanma prosesi ərzində xərclərinin 2/3 hissəsinin ona geri qaytarılmasına nail olub. Ancaq mülklər və daşınmaz əmlakın bölgüsü ilə bağlı Milanda davam edən əlavə məhkəmənin hələ yekunlaşmadığı məlum olub.
Məhkəmənin qərarını yeni dönəmin başlanğıcı kimi qiymətləndirən İkardi paylaşımı bu sözlərlə yekunlaşdırıb:
''Bu gün bu qərarı yeni bir dönəmin başlanğıcı olduğu üçün qeyd etmək istəyirəm. Qədəhləri qaldırmaq üçün ciddi bir səbəb var''.






