Dambrauskas yığma üzvlərinə istirahət vermədi! - “Slaviya”nın azarkeşləri üçün nə qədər yer ayrıldı?

9.10.2026 13:54 90
Ölkə futbolu / Manşet
“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununa cəmi dörd gün qaldı. Söhbət Praqa “Slaviya”sı ilə qarşılaşmadan gedir.

Bu gün Misli premyer-liqasında “Neftçi”nin qonağı olacaq “bayquşlar” vaxt itirmədən növbəti oyun üçün hazırlıq prosesinə start verəcək. Bəs, belə vacib oyun ərəfəsində düşərgədə vəziyyət nə yerdədi? Axı bəllidi ki, “Sabah”ın qələbə qazanmaq ehtimalının yüksək olduğu iki rəqibdən biri (digəri Norveç “Vikinq”idi – red.) məhz Çexiya təmsilçisidi.

Odu ki, həm klubun, həm də Bakı Olimpiya Stadionunun hazırlıq prosesi haqda ətraflı məlumat almaq üçün dünən “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı ilə tanış olun:

“Stadionda işlər yekunlaşmaq üzrədi. Həm klub olaraq “Sabah”, həm də stadion rəhbərliyi çalışmaların oyun gününə qədər başa çatması üçün əlindən gələni edir. Ot örtüyü tam hazırdı. Bu gün komandamız BOS-da ilk məşqə çıxdı. Stiv Solvetlə Xəyal Əliyev zədəlidi. Onların “Neftçi” ilə matçda meydana çıxa bilməyəcəkləri dəqiqləşib. “Slaviya"ya qarşı isə oynaya bilib-bilməyəcəkləri hələ bəlli deyil. Bütün futbolçular düşərgədədi. Yəni kollektiv tam heyətlə məşq edir. Milli komandalardan qayıdan futbolçulara istirahət üçün vaxt verilməyib. Hazırda “Neftçi” ilə oyuna hazırlaşırıq. Bu matçdan dərhal sonra Çempionlar Liqası qarşılaşması üçün hazırlıqlar başlanacaq. “Slaviya” Bakıya oktyabrın 11-də, axşam saatlarında gələcək. Baş məşqçimiz Valdas Dambrauskasın mətbuat konfransı oktyabrın 12-si saat 18.00-da, komandanın ilk 15 dəqiqəsi açıq olacaq məşqi isə 18.30-da keçiriləcək. Rəqibin çalışdırıcısı Yindrjix Trpişovskinin mətbuat konfransı saat 19.15-də başlayacaq. “Slaviya”nın açıq məşqi saat 23.00-da olacaq”.

Elnur bəydən UEFA nümayəndələrini bir daha stadionu baxış keçirmək ehtimalını da soruşduq:

“UEFA nümayəndələri onsuz da stadiona bir dəfə baxıb. Bir də, çox güman, oyuna bir-iki gün qalmış yenə gələcəklər. Onsuz da stadionda görülən bütün işlər UEFA-nın təlimatına əsasən həyata keçirilib”.

Yeri gəlmişkən, “Slaviya”nın azarkeşləri üçün stadionda 3675 yer ayrılıb. Onlara bilet satışı oktyabrın 5-də başlayıb, oktyabrın 7-si saat 20.00-da bitib. Bir biletin qiyməti 740 krondu (58 manat). Bir nəfər eyni vaxtda maksimum 6 bilet ala bilərdi. Biletlərin paylanması oktyabrın 8-dən 11-dək həyata keçirilir.

Xatırladaq ki, “Sabah” – “Slaviya” oyunu oktyabrın 13-də, saat 20.45-də start götürəcək.

Yeri gəlmişkən...
“Slaviya”nın futbolçusu Lukaş Provod "Sabah"la oyunla bağlı fikrini bölüşüb. O, komandasının Bakıdan yaxşı nəticə ilə dönəcəyinə inanır:

"Sabah”la oyun Çempionlar Liqasında qalib gəlmək üçün növbəti şansdı. Lakin Çempionlar Liqasında asan oyun olmadığı üçün xüsusən də belə uzun yolu qət etməli olduğunuz zaman çətin rəqiblə qarşılaşırıq. Əlimizdən gələni edəcəyik. Azərbaycan komandası qalib gələ biləcəyimiz rəqiblərdən biridir. Amma  qarşıda “Jlin”lə oyunumuz var və sonra "Sabah" üçün hazırlaşacağıq".

KƏNAN BAHADIR