Matçın keçiriləcəyi idman qurğusunun vəziyyəti maraq doğurur. Ona görə ki, burda görülən təmir-bərpa işləri hələ başa çatmayıb. Bu yaxınlarda stadionun oktyabrın 5-dək tam hazır vəziyyətə gətiriləcəyi haqda xəbərlər yayılmışdı. Bəs, hazırda durum nə yerdədi?
Bu sualla Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya müraciət etdik. Həmkarımız “Football-plus.az”a açıqlamasında bunları dedi:
“Hər hansı narahatlıq yoxdu. İşlər tam qaydasında davam edir. “Sabah” – “Slaviya” matçının burda keçirilməsi üçün əngəl olmayacaq. Stadion tam hazır vəziyyətə gətiriləcək. Lakin biz işlərin oktyabrın 5-dək bitəcəyi haqda bilgi yaymamışıq. Onu deyə bilərəm ki, BOS sözügedən oyun üçün tam hazır olacaq”.
Məlumdu ki, burda söhbət yalnız stadionun tam hazır olmasından yox, həm də UEFA nümayəndələrinin baxış keçirib, matçın gerçəkləşməsinə razılıq verməsindən gedir. Bəs, həmin proses nə vaxt həyata keçiriləcək?
Bu sualı isə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Klub rəsmisi stadionun oktyabrın ilk günlərində hazır olacağını, ancaq UEFA nümayəndələrinin səfər tarixinin müəyyənləşmədiyini dedi. Yeri gəlmişkən, artıq yeni qazon salınıb, “Sabah” oktyabrın 5-dən sonra məhz BOS-da məşq edəcək.
KƏNAN BAHADIR






