"Football-plus.az" xəbər verir ki, “Ayaks”, “Real”, “İnter” və “Qalatasaray” kimi klublarda çıxış etmiş 42 yaşlı Sneyder karyerasını bitirəndən sonra sürətli şəkildə kökəlməsinin səbəbinə də toxunub:
“İnter”də keçirdiyim illər mənim üçün həmişə unudulmaz olaraq qalacaq. 2009-da Joze Mourinyo, sadəcə, zəng vurdu, “komandada çatışmayan element sənsən, biz bir yerdə qələbələr qazanmalıyıq” deyərək məni ora dəvət etdi. A seriyasında debüt oyunumda “Milan”ı 4:0 darmadağın etdik. Həmin mövsüm ÇL-in finalında Mourinyonun sayəsində “Bavariya”nı məğlub edəcəyimizə əmin idim. Sadəcə, hansı hesabla qalib gələcəyimizi bilmirdim. Mourinyonun o oyundan dərhal sonra ayrılması hər birimiz üçün gözlənilməz oldu. Mən də, Eto`O da hiss etdik ki, onun ayrılmasından sonra komandada nəsə dəyişməyə başladı. DÇ-2010-un finalına Kasilyasın seyvi damğa vurdu. O seyv olmasaydı, biz dünya çempionuyduq. “Qızıl top”u qazana bilməməyim məni çox da üzmədi. Həmin mövsüm trebl qazanmağımız mənim üçün yetərli idi. Bəlkə də çoxları bilmir, amma karyeramı bitirəndən sonra mənim üçün çox çətin günlər başladı. Atamın xərçəng xəstəsi olduğunu öyrəndik. Bir müddət sonra anama da eyni diaqnoz qoyuldu. Bu diaqnozdan cəmi 5-6 ay sonra anamı 59 yaşında itirdik. Anamın ölümündən iki ay sonra atam müayinədən keçərkən həkimlər onun da xəstəliyinin irəlilədiyini, başqa mərhələyə keçdiyini bildirdilər. Atam bir müddət müalicə alaraq xəstəliyə müqavimət göstərdi. Ancaq o da 9-10 ay sonra gözlərini əbədi yumdu. Hər iki valideynimi eyni yaşda, eyni xəstəlikdən itirdim. Bütün bu müddət ərzində, yəni təxminən 3-3,5 il həyatımın çox hissəsi xəstəxanalarda keçdi. 2019-da hiss edirdim ki, artıq normal şəkildə məşq edə bilmirəm. Hər dəfə xəstəxanadan çıxandan sonra isə yeganə arzum spirtli içki qəbul edib, yaşananları unutmaq idi. Bu olaylar mənə fiziki və psixoloji cəhətdən pis təsir etdi. Düzdü, həyatımda baş verən bu çətinliklərdən sonra fiziki cəhətdən çox dəyişdim. Kənardan baxanlar mənim yalnız çəkimin artdığını görürdülər. Amma əslində necə bir həyat mübarizəsi apardığımı heç kim bilmirdi. İndi yenidən artıq çəkidən qurtulmağa, belə desək, formaya düşməyə cəhd edirəm. Bu, məndə heç də pis alınmır. Amma təəssüf ki, artıq çəkidən qurtulmağım anamı və atamı mənə geri qaytarmayacaq”.






