Yola Ayxan Abbasovla davam etmək üçün əsas səbəb - KÖŞƏ

8.10.2026 13:57 153
Yazarlar / Manşet
Sizin də xəbəriniz var, Rusiya yığmasını UEFA və FİFA beynəlxalq yarışlardan uzaqlaşdırıb. Avropa yığmalarının üz döndərdiyi ruslar özlərinə rəqib axtarır, ara-sıra güclərini yoxlamaq üçün fərqli və ekzotik komandalarla qarşılaşırlar. Bu sırada kimlərin adı olmur ki?! Rusların qarşılaşdıqları son dörd komandanın adına diqqət yetirək: Nambiya, İran, Trinidad və Tobaqo, Burkina Faso. Bu siyahıdan təkcə İranı ayırmaq olar. Az-çox cənub qonşularımızın adı dünyanın futbol xəritəsində ara-sıra çəkilir. Başqalarıyla isə ruslar “dünyanın düz vaxtında” qarşılaşmağı özlərinə rəva bilməzdilər.

Bu 4 yığma ilə görüşlərdə ruslar qapısından top buraxmayıb. Nambiyanın qapısına 6 cavabsız top vuran ruslar İranı iki dəfə məyus etmişdilər. Trinidad və Tobaqo, həmçinin də Burkina Faso ilə görüşlər isə eyni hesabla yekunlaşıb. Hər iki komandanı Rusiya 3:0 hesabıyla üstələyib. Rusiyanın tanınmış idman nəşrlərindən birinin sosial şəbəkə hesabında belə bir paylaşım qarşıma çıxdı. Rusiyalı həmkarlarımız belə yazırdı:

“Rəqiblərin səviyyəsini müzakirə etməyə vaxtımız olacaq. Hələlik isə bu tablodan həzz alaq. Bizim yığmamız dünyada yeganə komandadı ki, ardıcıl dörd oyunda “quru” hesabla qələbə qazanıb”.

Təsəvvür edirsiz? Şimal qonşularımız elə bir acınacaqlı vəziyyətə düşüblər ki, özlərinə bir dünya qurmağa və ondan həzz almağa məcburdular. Bununla da dünyadan təcrib olunmalarını hiss etdirməməyə, sıravi azarkeşlərin, futbolsevərlərin başını belə şeylərlə qatmağa çalışırlar.

Lap məşhur bir sovet lətifəsində deyildiyi kimi. Qatar fərqli rəhbərlərin dövründə meşənin yanından keçəndə yanacağı qurtarır. Lenin özü baltanı əlinə götürür, deyir ki, hamımız odun qırmağa gedək, qatarı yanacaqla təmin edək. Stalinin dövründə eyni yerdə yanacağın bitməsi səbəbindən qatar dayanır. Bu dəfə Stalin əmr edir ki, sizə bir saat vaxt verirəm, tez edin, qatarı işə salın. Hamı əlinə balta götürüb meşəyə qaçır ki, qatarı işə salmağa odun qırıb gətirsinlər. Eyni hadisə Brejnevin dövründə yaşanır. Bu dəfə Brejnev heç əhvalını pozmur. Deyir qatarın pərdələrini yellədin, relslərin üzərini taqqıldadın. Sərnişinlər elə bilsin ki, qatar hərəkət edir. İndi Rusiya bütün digər sahələrdə olduğu kimi futbolda da imitasiya etməklə məşğuldu. Özlərini aldadırlar ki, Rusiya yığması səviyyəsini qoruyub saxlayıb, rəqiblərinə “quru” hesabla qalib gəlməyi bacarır. Həmin rəqiblərin səviyyəsini müzakirə etməyi isə sonraya saxlayırlar.

Mən istəmirəm ki, biz də ruslar kimi özümüzü aldatmaqla məşğul olaq. Bəli, Litvanı Bakıdakı oyunda məğlub etmişik, səfərdə onlara uduzmamışıq. O da düzdü ki, Lixtenşteynlə oyunda üstün tərəf biz idik, rəqibi qapısına doğru sıxmışdıq, amma həlledici qolu vura, qələbə qazana bilmədik. Tacikistanı məğlub etməyimiz də yadımdadı, onu unutduğumu düşünməyin. Amma bütün bunlar ciddi nəticələr deyil. Azərbaycan yığması inkişaf etmir, əksinə, daha da geriləyir. Bir müddət sonra vəziyyət daha da pis olacaq. Çünki biz futbolçu yetişdirməklə məşğul olmuruq. Ona görə də millinin formasında meydana çıxmağa normal futbolçu tapılmır. Millətlər Liqasının səviyyəcə ən zəif qrupunda topladığımız 5 xal da, qrup lideri olmağımız da göstərici deyil. Sabah Avropanın səviyyəli yığmaları bir yana, ortabablar belə bizim üzərimizdən Cəbiş müəllimin arvadı demiş, belədən elə keçəcəklər, elədən də belə. Çünki onların qarşısına çıxarmağa heç kimimiz yoxdu. Bunun günahı isə Ayxan Abbasovda deyil. İlin sonunda onunla müqavilənin müddəti bitəcək. Müqaviləni uzatmayıb, millinin “sükanı arxasına” əcnəbi mütəxəssis gətirməyə ehtiyac yoxdu. Həmin əcnəbi məşqçi bizə heç nə verməyəcək. Necə ki, Santuş, De Byazi, Foqts, Prosineçki, Yurçeviç və başqaları bizə heç nə verməyib. Ona görə də yola Ayxan Abbasovla davam edib, futbolçu yetişdirməyin yollarını tapmalıyıq.

Bizim başqa cür uğur qazanmaq şansımız yoxdu, cənablar. 

AMAL