Nigeriyanın baş məşqçisi ''Qalatasaray'' və Osimhen haqda nələr dedi?

7.10.2026 16:52 144
Dünya futbolu
Nigeriya yığmasının baş məşqçisi Erik Şell Viktor Osimhen barədə yeni açıqlamalar verib.

Bu yığma pəncərəsinin əvvəlində ''Qalatasaray'' ilə Nigeriya Futbol Federasiyası arasında Osimhen üzündən kiçik bir gərginlik yaşanmışdı.

''Qalatasaray''ın etirazına baxmayaraq federasiya zədəsi tam sağalmayan Osimhenin adını yığmanın heyətinə salmışdı. Amma sonradan problem yoluna qoyuldu. Ünlü futbolçunun adı siyahıdan çıxarıldı. Düzdü o, yığma fasiləsində vətəninə yollandı. Nigeriya bu ''pəncərədə'' Osimhensiz Afrika Millətlər Kubokunun seçmə mərhələsində Madaqaskarı 2:1 yendisə, Qvineya-Bisauya 0:3 məğlub oldu.

Dünən isə nigeriyalılar Nijni Novqorodda yoxlama oyununda Rusiya ilə 3:3 bərabərə qaldılar. Şell Osimhen haqda danışarkən yayda dediyi sözlərə də aydınlıq gətirib. O həmin vaxt Osimhenin Avropa nəhənglərindən biri ilə danışıqlar apardığını vurğulamışdı: ''Osimhen yığma matçlarından təxminən 10-15 gün öncə zədələndi. Onu əvvəlcə yığmanın heyətinə saldıq. Çünki oyunlar başlayana qədər sağalmaq ehtimalının olub-olmadığını bilmirdik. ''Qalatasaray'' və Osimhenlə aramızda heç bir anlaşmazlıq yoxdu. Daha öncə onun transfer durumu ilə bağlı verdiyim açıqlama yanlış anlaşılmışdı. Viktor ''Qalatasaray''ı sevir. Klub da ondan memnundu. Osimhenin dünyanın ən yaxşı mərkəz hücumçularından biri olduğunu düşünürəm. Bir futbolçu bu səviyyədə performans sərgiləyirsə, onunla bağlı tez-tez transfer xəbərlərinin ortaya çıxması normaldı. Ancaq mən onun ''Qalatasaray''dan ayrılmaq istədiyini və ya ayrılmalı olduğunu heç vaxt dilimə gətirməmişəm''. Qeyd edək ki, son 3 rəsmi oyunda zədə üzündən ''Qalatasaray''a kömək edə bilməyən 27 yaşlı futbolçunun cümə günü ''Kasımpaşa'' ilə matçda ikinci hissədə şans qazanacağı gözlənilir.