Britaniyalı boksçular – Tayson Füri və Entoni Coşua dekabrın 11-də Uelsin paytaxtı Kardiffdəki “Prinsipaliti” stadionunda üz-üzə gələcək.
"Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbəri Səudiyyə Ərəbistanının əyləncələr üzrə baş idarəsinin rəhbəri Turki Əl əş-Şeyx sosial şəbəkə hesabında yayıb: “Tayson Füri – Entoni Coşua. Uzun illər ərzində gözlənilən döyüş. Hər şeyi həll edəcək bir gecə”.
Artıq bu döyüşün mükafat fondu da bəllidi. “The Athletic”in yaydığı xəbərə görə, Füri ilə Coşua 200 milyon dolları böləcək. Həmin qaynağın yazdığına inansaq, döyüşün yeri ilə bağlı fikir ayrılığı üzündən danışıqlar bir neçə dəfə pozulmağa yaxın olub. Təşkilatçılar Nyu-York variantının üzərində dayansalar da, Coşua və promouteri döyüşün Böyük Britaniyaya salınmasına nail olub.
38 yaşlı Füri indiyə qədər 39 döyüşə çıxıb, bunların 36-da qalib gəlib, 2-də uduzub, 1-də heç-heçə edib. Britaniyalı iyulda bu ilin sonunda karyerasını bitirəcəyini bildirib. 36 yaşlı Coşuanın hesabında isə 30 qələbə və 4 məğlubiyyət var. Ötən ilin dekabrında Coşuanın da iştirakçısı olduğu, Nigeriyada baş verən yol qəzasında iki nəfər həyatını itirib. O, yanvarda məşq etməyə başlayıb.
Amma qarşıdakı döyüşün ləğvi ehtimalıyla bağlı da xəbərlər yayılıb.
Belə ki, jurnalistlərdən Kris Manniks və Mayk Koppinger UFC prezidenti Dana Uaytın döyüşün təşkilində iştirak niyyətinin aranı qatdığını bildirir. Coşuanın promouteri Eddi Hirn bunun əleyhinədi. Belə informasiya yayılandan dərhal sonra Füri videomüraciət yayıb: “Coşua və Hirn döyüşdən çıxmağa çalışır. Onlar döyüşməyəcəklərini deyirlər. Qorxaqlar. Hər şey bu Hirnə görədi – milyon bəhanə düşünür. Uelsdəki fanatlarımın gözü önündə səni parçalamağa hazıram. Yazıq bodibilder. Turki Əl əş-Şeyx artıq döyüşə çıxmağa hazır olan əsl kişi axtarır. Hirn bizi boks tarixinin möhtəşəm döyüşündən məhrum etdi”.
Hələ ki döyüşün ləğv olunacağı rəsmi şəkildə açıqlanmayıb. Koppingerin yaydığı informasiyaya görə, Füri - Coşua döyüşü baş tutmasa, alternativ variantlar müzakirəyə çıxarılacaq.
Britaniyalı boksçular 200 milyon dollar üçün döyüşəcək
İdman






