45 yaşlı Alonso müqaviləsini yenilədi - “Yarışlar mənim həyatım, mənim ehtirasımdı”

6.10.2026 12:35 36
İdman
“Formula-1” yarışlarının ikiqat qalibi Fernando Alonso və kanadalı pilot Lens Stroll “Aston Martin”lə müqavilə müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, hər iki pilot 2027 mövsümündə də bu komandanın şərəfini qoruyacaq.

Əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər olan Alonso yeni anlaşmanı belə dəyərləndirib:

“Aston Martin”lə yeni müqavilə imzaladığıma görə çox şadam. Qərar verməyə tələsmirdim. Ancaq yarışlar mənim həyatım, mənim ehtirasımdı. Hələ də ən yüksək səviyyədə yarışmaq üçün yetərincə sürətimin və qətiyyətimin olduğunu bilirəm. Gələcəyimi bu komanda ilə bağlayıram, ona uğur qazanmaqda yardım etmək istəyirəm. Gördüyümüz işə inanıram. Güclü rəhbərliyimiz, möhtəşəm adamlar, tərəfdaşlar və maddi-texniki baza var. Yarış trassında növbəti anları səbirsizliklə gözləyirəm. Fanatların enerjisi elə atmosfer yaradır ki, adamı ruhlandırır və bizim idman növünü xüsusiləşdirir”.

45 yaşlı Alonso 2023-cü ildən “Aston Martin”i təmsil edir. İspaniyalı pilot cari mövsümdə cəmi 3 xal toplamaqla 19-cu pillədə qərarlaşıb.

Alonso “Formula-1” üzrə dünya çempionatında 2001-ci ildə debüt edib. 2005-ci və 2006-cı illərdə “Reno”nun heyətində dünya çempionu olub. İspaniyalı ulduz həmçinin “Maklaren”, “Ferrari” və “Alpin”in də şərəfini qoruyub. Alonso qatıldığı yarış sayına (440) görə “Formula-1”in rekordçusudu.

27 yaşlı Storll isə bu komandada 2019-cu ildən, hələ “Reysinq Poynt” adını daşıyandan bəri çıxış edir. Cari mövsümdə 12 xal toplayan kanadalı pilot şəxsi hesabda 16-cı yerdə qərarlaşıb.