İtalyanlar A seriyasından niyə qaçırlar? - Mançini indi xarici klublardan daha çox seçim edə bilir

7.10.2026 11:54 36
Dünya futbolu
Üç ildən sonra milli komandaya qayıdan Roberto Mançininin ilk genişləndirilmiş siyahısında birdən-birə 34 oyunçunun adı vardı.

"Football-plus.az" xəbər verir ki, onlardan 10-u İtaliyadan kənarda oynayır ki, bu da “skuadra adzurra” üçün rekord göstəricidi! 6 legioner İngiltərə premyer-liqasında çıxış edir, qalanları isə Fransa, Portuqaliya və Almaniyada top qovurlar. Başqa sözlə, tarixdə ilk dəfə İtaliya ilə Avropa futbolu arasındakı sərhəd son dərəcədə şərti xarakter daşıyır. Axı əvvəllər İtaliya yığmasının əsasını A seriyasında oynayan oyunçular təşkil edirdi, indi isə bu planda mənzərə dəyişir.

İllərdi A seriyası klublarının gənc oyunçulara çox az etibar etməsi barədə söhbətlər gedir. Bəlkə də yeniyetmə və gənc italiyalıların ölkə xaricinə üz tutması bu təcrübənin nəticələrindən biridi.

Gedənlərin yığması
Maraqlı tendensiya apenninlilərin kütləvi şəkildə İngiltərəyə yollanmasıdı. Uzun müddət xaricdə çıxış edən yığmanın kapitanı Canluici Donnarumma indi “Mançester Siti”nin qapısını qoruyur, Rikkardo Kalafyori ötən mövsüm “Arsenal”la premyer-liqada çempionluq sevinci yaşayıb, Maykl Kayode “Brentford”un əsas oyunçularından sayılır, Sandro Tonali bu yay “Nyukasl”dan 108 milyon avroya “Tottenhem”ə keçib, Marko Palestra “Çelsi”yə transfer olunub, 18 yaşlı Honest Ahanor isə bu mövsümü icarə əsasında “Kristal Pelas”da keçirəndən sonra 2027-ci ildə “zadəganlar”a qoşulacaq. Matteo Ruccerinin “Atletiko”nu “Aston Villa”ya dəyişdiyini də qeyd edək.

Gənc italyalılar Avropanın digər aparıcı liqalarında da qərar tutublar. Dieqo Koppola “Verona”dan “Brayton” tranziti ilə “Paris”ə keçib. İssa Dumbiya yayda “Milan”da peyda ola bilərdi, lakin “Sportinq” transfer məsələsində İtaliya nəhəngini qabaqladı. Məhəmməd Əli Zoma milli komandaya 2-ci bundesliqadan – “Nürnberq”dən çağırılıb, 18 yaşlı Samuele İnasio isə bundesliqanın aparıcı klublarından Dortmund “Borussiya”sında inkişafını davam etdirir.

Deməli, Mançini ilə köməkçiləri artıq qitənin 10 liqasında çıxış edən futbolçuları izləməyə başlayıblar. 61 yaşlı baş məşçqçi hesab edir ki, İtaliya yığmasına namizədlər, xüsusilə də ikili vətəndaşlığı olan oyunçular arasında seçim qısa zamanda müəyyənləşdirilməlidi. Məsələn, don Robertonun 2023-cü ilin martında “Tiqre”dən milli komandaya çağırdığı italyanəsilli argentinalı Mateo Retegi ilə bağlı seçim belə reallaşmışdı. Hazırda “Əl-Qadisiyə”də (Səudiyyə Ərəbistanı) çıxış edən 27 yaşlı hücumçu həmin ilin yayında Argentinadan İtaliyaya köçmüş və “Cenoa” ilə müqavilə bağlamışdı.

İndi “skuadra adzurra”da ikili vətəndaşlığı olan futbolçular az deyil. İnasionun Braziliya, Zoma ilə Dumbiyanın Kot d’İvuar, Kayode ilə Ahanorun isə Nigeriya vətəndaşlığı da var. Və onların hamısı Apennindən kənarda çıxış edirlər.

Onlar niyə gedirlər?
Ortaya sual çıxır: bəs onlar niyə xaricə üz tuturlar? Onları günahlandırmamağın ən asan yolu A seriyasında əcnəbi oyunçuların üstünlük təşkil etməsidi. İtaliyanın ən yüksək liqasında legionerlərin sayı futbolçuların təxminən 70 faizinə çatıb. Amma bu, qitədə heç də ən yüksək rəqəm deyil. Premyer-liqada əcnəbilərin say nisbəti 75 faizə bərabərdi. Fransa Liqa 1-də bu planda göstərici 65, Almaniya bundesliqasında isə 61 faizi ötüb.

İtaliyadakı əsas problem klubların nəticə naminə təcrübəli oyunçulara üstünlük verməsidi. Məhdud büdcələri ilə turnir cədvəlindəki yerlərini risk altına atmaq istəmirlər. Buna görə də veteranları ucuz qiymətə almaq və ya akademiya məzunlarından daha güclü olan təcrübəli oyunçuları pulsuz transfer etmək vərdişi yaranıb.

Nəticədə A seriyasının ötən mövsümündə orta yaş həddi 19,5 olan cəmi 18 futbolçu debüt edib. Müqayisə üçün bildirək ki, bu planda premyer-liqadakı göstərici 21-ə, bundesliqada 36-ya, La Liqada 48-ə, Liqa 1-də isə 59-a bərabər olub. Debütantların yalnız 55 faizi İtaliya yığmasında da oynamaq imkanı qazanıb. Qitənin digər öncül liqalarında isə debütantlar arasında yerli oyunçuların nisbəti 75-100 faizə çatıb. A seriyası yeniyetmə və gənc debütantların sayına görə Avropadakı rəqiblərindən geri qalır, onların yalnız yarısından bir qədər çoxu milli komandaya yol aça bilib.

Bir misal da göstərək. “Yuventus” uzun illərdi “Next Gen” layihəsini inkişaf etdirir, bu da var ki, 2025/26 mövsümündə akademiyanın məzunlarından heç biri əsas komandada debüt imkanı qazanmayıb. Belə hal Turin klubunda 2014-cü ildən sonra ilk dəfə baş verib.

Yeniyetmə və gənc oyunçularla işin keyfiyyəti məsələsi də var. Kayode İtaliyanı oyun praktikası axtarmaq üçün tərk etdiyini deyir. “Brentford”da onun üçün fərdi məşqlər keçilir, hətta bu yolla Mayklı topu autdan oyuna daxil etmək üzrə komandanın supersilahına çeviriblər. Yayda vətəninə qayıtmaq və “İnter”lə müqavilə bağlamaq imkanı var idi, lakin İngiltərədə qalmağa üstünlük verdi.
Yaxud uzun müddət “Kremoneze”də çıxış edən və heç vaxt İtaliyadan ayrılmaq istəmədiyini etiraf edən Qvido Della Roverenin hekayəsinə nəzər salaq. İki il əvvəl “Bavariya” onu cəmi 250 min avroya sıralarına qatmışdı. 19 yaşlı yarımmüdafiəçi indi müntəzəm olaraq əsas komandada məşq edir və gənclərdən ibarət yığmanın liderlərindən sayılır. Bir müddət əvvəl rahatlıq zonasından çıxmaq yolunu seçən Qvido ölkəni tərk etməsinin düzgün qərar olduğunu deyir.

İş o yerə çatıb ki, hətta 18 yaşlı Ahanor belə Berqamonu tərk etməyi və mərkəz müdafiəçisi kimi İtaliyadan kənarda “artırmağı” düşünür. Bunu 10 əvvəl təsəvvürünüzə gətirə bilərdiz?..

Problem, yoxsa çarə?
İtalyanların müntəzəm şəkildə ölkəni tərk etməsi A seriyası üçün həyəcanverici prosesdi. Amma milli komanda bundan faydalana bilər. Mançini problemə fərqli perspektivdən baxmağı təklif edir:

“Ümid edirəm ki, bundan sonra daha çox italyan müntəzəm oyun praktikasına malik olacaq. Gənclərimiz xaricə üz tutub premyer-liqa kimi yüksək səviyyəli liqalarda oynasalar, bundan faydalana bilərik”.

Milli komandanın məşqçisi üçün futbolçunun müntəzəm oynaması və beynəlxalq oyunlara yaxşı formada çıxması vacibdi. Oyunçu xaricdə daha çox oyun praktikası qazanarsa, bu, yığmaya yalnız müsbət təsir edə bilər.

Başqa sözlə, mühacirət İtaliyaya komandada çatışmayan keyfiyyətləri verə bilər. Kayode hər həftə premyer-liqanın dinamikası ilə üzləşir, Dumbiya Çempionlar Liqasında debüt edir, Zoma isə dünya çempionatının ən yaxşı bombardirlərindən biri olan Miroslav Klozedən hücum qurmaq və onu sona çatdırmağın sirrini öyrənir. Yəni ümumilikdə gənc futbolçuların inkişafı üçün əla şərait var.
Mançini artıq işini buna uyğunlaşdırıb. “Skuadra adzurra”nı AÇ-2020-də qələbəyə daşıyan mütəxəssis avqustda A seriyasının oyunlarını bir kənara qoyaraq İngiltərəyə səyahət edib. Tonali, Udoci, Kayode və Ruccerini işbaşında izləyib. Etiraf edək ki, bir müddət əvvəl italyan məşqçi üçün belə səfər ekzotik görünərdi, amma indi bu, skaut işinin adi bir hissəsidi.

Federasiya isə eyni zamanda İtaliyanı seçə biləcək ikili vətəndaşlığı olan futbolçular axtarır. Özü də bu sahədə işlər sürətlə davam edir. Vaxtilə A seriyasında oynamış İnasio Pianın oğlu Samuele artıq Braziliyadan bir neçə dəvət alıb. Nikolo Tresoldi İtaliyada anadan olub, lakin 13 yaşından Almaniyada yaşayır və bu ölkənin müxtəlif yaş qrupları üzrə komandalarında oynayıb. Hazırda onun çıxışı da diqqətlə izlənilir.

Alessandro Romanonun məsələsi artıq həll edilib. İsveçrədə böyüyən 20 yaşlı yarımmüdafiəçi bu ölkənin yeniyetmələrdən ibarət yığmalarında oynayıb. Buna baxmayaraq, Mançini ilə söhbətdən sonra İtaliyanı seçib. Sentyabrın əvvəlində İsveçrə yığmasını çalışdıran Murat Yakının onu fikrindən daşındırmaq cəhdlərinə baxmayaraq, FİFA gənc futbolçunun milli komandasını dəyişməsinə rəsmən icazə verib.

Ardıcıl üç dünya çempionatını buraxan İtaliya artıq A seriyasında özünü yığmada da təsdiqləyə biləcək perspektivli futbolçunun zühurunu gözləyə bilməz. Səbəb sadədi: “skuadra adzurra”nın həm artıq start götürən Millətlər Liqasının oyunları, həm də gələcək üçün faydalı ola biləcək futbolçulara ehtiyacı var.

A seriyası əvvəllər oyunçulara milli komandada oynamaq üçün əsas təmin edirdi. İndi vəziyyət bir qədər dəyişib: italyanlar ilk futbol təhsilini vətənlərində, ikinci təhsilini isə Londonda, Münhendə, Lissabonda, ya da Parisdə alırlar. Yəni qloballaşma dövrüdü. Buna qarşı nə etmək olar?