Azlıqda qalan tərəfin oyuna 11 futbolçu ilə davam etməsi əvvəlcədən razılaşdırılmışdı? – “Turan Tovuz”dan cavab gəldi

5.10.2026 14:00 702
Ölkə futbolu / Manşet
“Təbii ki, bütün məqamlar matçdan əvvəl razılaşdırılmışdı. Çünki bu yoldaşlıq oyununda məqsəd qələbə qazanmaq deyildi” – bu sözləri “Football-plus.az”a “Turan Tovuz”un İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayev deyib.

Klub rəsmisi Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda “Fənərbaxça”ya qarşı keçirilən yoldaşlıq oyununda başverənlərdən danışıb. O, 33-cü dəqiqədə Roderik Millerə qarşı kobudluq üzündən qırmızı vərəqə alan Meyson Qrinvudun yerinə meydana Adnan Efe Fəttahoğlunun çıxmasını belə şərh edib:

“Hər iki komanda uzun fasilədən istifadə edərək gücünü belə matçda sınadı. Bəli, qırmızı vərəqə olsa belə, azlıqda qalan komanda oyuna 11 nəfərlə davam edəcəkdi. Həmçinin rəsmi matçlarda üç dəfə əvəzetmə mümkün olur. Biz isə 5 dəfə əvəzetmə üçün razılaşmışdıq. Qərarlardan, təbii ki, hər iki tərəf xəbərdar idi”.

Xatırladaq ki, oktyabrın 3-də keçirilən oyun İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

KƏNAN BAHADIR