"Əziz Yıldırım əvvəldən sonra kimi mənimlə birlikdə lojada olub" - Nəsimi Paşayev "Fənərbaxça" ilə matçda yaşananlardan danışdı

4.10.2026 20:51 81
Ölkə futbolu / Manşet
Dünən keçirilən "Turan Tovuz" - "Fənərbaxça" qarşılaşması təəssüf ki, təkcə müsbət notlarla yadda qaldı. Qonaq futbolçuların kobud oyunu, baş hakim Rəvan Həmzəzadənin bu mənada həddini aşanları qırmızı vərəqə ilə cəzalandırması "sarı-lacivərdli"lərin narazılığı ilə müşayiət olundu. Hətta hadisələrin axarı İstanbul nəhənginin meydandan çəkilməsi ilə nəticələnə bilərdi. Xoşbəxtlikdən, sonda tərəflər arasında razılıq əldə edildi.

Matç bitdikdən sonra istər yerli, istərsə də qardaş ölkənin mətbuatında diqqətiçəkən iddialar səsləndirildi. Türkiyəli jurnalist Əmrə Bol "Turan Tovuz"un bu oyun üçün "Fənərbaxça"ya pul ödədiyini bildirdi. Türkiyə təmsilçisinin prezidenti Əziz Yıldırımın qalmaqal anında VİP lojanı tərk etdiyini deyənlər də tapıldı.

Bəs, bütün bunların günahkarı kimdi? İddialar həqiqəti əks etdirir, ya yox?

Bu suallarla "Turan Tovuz"un İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Meydanda baş verən hadisələrlə bağlı məsuliyyət baş məşqçilərin üzərindədi. Çünki futbolçular çalışdırıcılara tabedi. Burda hansısa qalmaqaldan söhbət gedə bilməz. "Fənərbaxça" ilə münasibətlər qaydasındadı. Əlaqələrimizi daha da inkişaf etdirməyə çalışacağıq. Bu klubla heç vaxt problemimiz olmayıb. "Turan Tovuz" olaraq, qarşı tərəfə yoxlama matçı ilə bağlı müraciət etdikdə dərhal müsbət cavab almışdıq. Hər şey qaydasındadı. Oyundan sonra da qonaqları lazımi şəkildə yola salmışıq. Düşünürük ki, hər şey əla oldu. İddialara gəlincə, klubumuz "Fənərbaxça"ya bir manat belə ödəməyib. Əziz Yıldırım isə əvvəldən sonra kimi mənimlə birlikdə lojada olub. Otağı tərk etməyib".

KƏNAN BAHADIR