Millətlər Liqasında ilk dəfə yer aldığı A liqasında ilk 3 oyunda uduzan Türkiyə oktyabrın 5-də Bolonyada İtaliyanın qonağı olacaq.
''Ay-ulduzlular'' həm qrupda ilk xalını qazanmağa, həm də tarixi boyu heç vaxt məğlub edə bilmədiyi italyanlara qarşı ilki yaşamağa çalışacaq. Bu, həm də Vinçentso Montellanın Türkiyənin başında son oyunu ola bilər. Çünki qardaş ölkə mundialdan başlayaraq enişdədi və son 6 oyunun 5-də uduzub.
Bu arada Türkiyənin heyətlə bağlı problemləri artıb. Bu ''pəncərədə'' zədə üzündən onsuz da Hakan Çalhanoğlu və Kənan Yıldız kimi ulduzların xidmətindən yararlana bilməyən komanda Bolonyada həm də Arda Gülər ilə Barış Alpər Yılmazsız oynamalı olacaq. Belçikaya qarşı son oyunda hər iki futbolçu sarı vərəqə alaraq cəzalı duruma düşüb. Onlar yığmanın düşərgəsindən ayrılıblar. Bundan başqa daha iki futbolçu - Əmirhan Topçu və Can Uzun ağrıları üzündən oyunöncəsi məşqi yarımçıq tərk ediblər.
Türkiyə oktyabrın 4-dək oyunöncəsi səhər məşqini Belçikanın Lyej şəhərində - ''Standard''ın bazasında keçirib. Məşqi Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu da izləyib. Axşam saatlarında isə komanda Bolonyaya yola düşüb.
Matçın oynanılacağı ''Renato Dall'Ara'' stadionunda oyuna həsr olunmuş mətbuat konfransında Montella ilə yanaşı Ozan Kabak da iştirak edəcək.
Türkiyənin İtaliya ilə oyunöncəsi itkiləri artıb
Dünya futbolu






