Yığmamız Millətlər Liqasında D liqasında qrup qalibi olmaq uğrunda mübarizəni davam etdirir.
İlk iki oyunu geridə qoyan komandamız bu gün bəlkə də bu mərhələnin ən vacib sınağından üzüağ çıxmağa çalışacaq. “Doğma divarlar” arasında Litva ilə üz-üzə gələcək yığmamızı qələbədən başqa nəticə qane etməyəcək. İş ondadı ki, rəqib də eyni vəziyyətdədi. Axı Kaunasda keçirilən ilk oyunda qalibin müəyyənləşməməsi (1:1) Bakıdakı görüşün əhəmiyyətini daha da artırdı.
Əlbəttə, belə vacib qarşılaşmada oyunun keçiriləcəyi “Palms Sports Arena”nın bütün tribunalarını dolu görmək arzusundayıq. Stadiona təşrif buyura bilməyəcək azarkeşlərin nəzərinə çatdıraq ki, oyun “CBC Sport”un efirində canlı yayınlanacaq.
Millətlər Liqası
D liqası
Azərbaycan – Litva 1:0
Abdulla Xaybullayev, 24
4 oktyabr. Bakı, “Palms Sports Arena. Saat 17.00.
Bu görüşün ümumi mənzərəsindən danışmaq üçün Kaunasdakı qarşılaşmanı xatırlamağa məcburuq. Ona görə ki, milli səfər oyununda sözün əsl mənasında iki xalı əldən verdi. Hadisələrin axarı, komandaların çıxışı göstərdi ki, Litvanı evində məğlub etmək mümkün idi. Sadəcə, bir qədər də cəsarətli olmaq, daha çox hücum qurmaq, necə deyərlər, rəqibin gözünün odunu almaq lazım idi ki, bunu bacarmadıq. İndi günahları yumaq vaxtıdı, əziz milli komanda! Bu dəfə həmin səhvlərə, ən əsası, qəzetimizin ötən sayında da vurğuladığımız kimi, qorxaq taktikaya yer yoxdu! Bu dəfə heç-heçə sərfəli nəticə sayılmayacaq. Əksinə, qrup qalibi olmaq hədəfindən uzaqlaşmağımıza gətirib-çıxaracaq. Odu ki, bu dəfə sona qədər ancaq qələbə üçün döyüşmək lazımdı. Özü də ağına-bozuna baxmadan!
Qələbə demişkən, yoldaşlıq oyununda Andorranı darmadağın edən (3:0) Litva ölkəmizə yaxşı əhval-ruhiyyədə gəlir. Həmin oyunda Baltikyanı ölkə təmsilçisi əvvəldən sonadək hadisələrin axarına nəzarət edə bilib. Bu oyunun ilk “11-liy”ində Kaunasda millimizə qarşı matçın start heyətində olan futbolçulardan heç biri olmayıb. Buna rəğmən, daha fəal, hərəkətli olan Litva ilk hissədə iki, ikincidə bir qol vura bilib. Litva Futbol Federasiyasının saytında o da qeyd olunur ki, yığmaları ilk yarıda nə az, nə çox - 10 qol imkanını əldən verib. Oyunsonrası mətbuat konfransında iştirak edən Edqaras Yankauskas deyib ki, Azərbaycana qarşı oyunda alınmayan bəzi taktikalar bu dəfə bəhrə verib.
Bəllidi ki, Litva millimizlə görüşə yetərincə ciddi yanaşır. Rəqib də Bakıya yalnız qələbə üçün gələcək. Kəsəsi, bu dəfə qarşımızda daha hazırlıqlı, daha yaxşı, daha inamlı Litva olacaq. Çünki bu milli komanda son 3 oyunda həm uduzmayıb, həm də 6 qol vurub. Belədə öhdəmizə düşən stadiona yollanmaq, yığmanı sona qədər qələbəyə səsləməkdi. Ümid edək ki, azarkeşlər də bu fikri bölüşür. Axı bu dəfə tribunada 3-5 min yox, daha çox tərəfdara ehtiyac var! Bu dəfə sınaq daha çətindi!
Uğurlar, milli!
KƏNAN BAHADIR
Azərbaycan – Litva: millimiz hesabı açdı - YENİLƏNİR
Ölkə futbolu / Manşet






