Həbs olunan HK sədri nəhayət istefa verdi!

4.10.2026 13:27 54
Dünya futbolu
Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsindən nəhayət, istefa xəbərləri gəlməyə başladı.

Komitə sədri Fərhat Gündoğdu daxil olmaqla 7 nəfərin saxlanıldığını xəbər vermişdik. Prokurorluğun qərarı ilə onlardan 5-i həbs edilibsə, 2-si ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb. Həbs edilənlər arasında Gündoğdu da var. Onun vəkilləri istefa məktubunu federasiya rəhbərliyinə çatdırıblar. Ancaq federasiyanın rəsmi açıqlamasında istefa tarixi kimi 3 oktyabr göstərilib.

Beləliklə HK-da 2-ci Gündoğdu dönəmi rəsmən başa çatdı. Hakim kimi heç vaxt fəaliyyət göstərməyən və ümumiyyətlə peşəkar idmanla əlaqəsi olmayan 57 yaşlı Gündoğdunun bu vəzifədə ilk dönəmi 2021-22-ci illəri əhatə etmişdi. Onun ilk dönəmi də kifayət qədər qalmaqallı alınmışdı. Türkiyənin qüruru, Çempionlar Liqasının finalını idarə etmiş Cüneyt Çakır və daha 17 hakim məhz Gündoğdunun dönəmində hakimlikdən uzaqlaşdırılmışdı. Düzdü, sonradan onların bir çoxu apellyasiya verərək geri dönmüşdülər. Gündoğdunun 2-ci dönəmi isə 2024-ün iyulundan bu yana davam edirdi. Həmin vaxt İbrahim Hacıosmanoğlu federasiya prezidenti seçilən kimi Gündoğdunu HK sədri təyin etmişdi.

Bu arada HK-nın idarə heyətinin daha bir üzvü - Sebahattin Şahin də istefa verib. Şahin HK-da bölgələr üzrə hakimlərə cavabdeh yönətici kimi çalışırdı. O ifadəsi alındıqdan sonra ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılmışdı. Daha öncə Ural Aküzüm istefa vermişdi.

Yeri gəlmişkən, federasiyadan verilən rəsmi açıqlamada yeni HK sədri təyin olunana qədər bu vəzifənin başqa vəkili Hikmət Öksüzoğlu tərəfindən icra ediləcəyi bildirilib. Oktyabrın 6-8-i aralığında baş tutacaq Türkiyə kubokunun 2-ci mərhələsi üçün hakim təyinatları da məhz Öksüzoğlu və köməkçiləri tərəfindən həyata keçiriləcək.