Türkiyə futbolunda hakimlik sahəsində növbəti silkələnmə yaşanır.
Ötən mövsümün gedişində bəzi hakimlər, futbolçular, klub rəsmiləri oyunlara qeyri-qanuni pol qoyuluşu məsələsi üzündən ya saxlanılaraq ifadə verməli olmuş, ya da bir neçə aylığa həbs edilmişdi. Bu dəfə isə məsələ daha da ciddidi. Çünki araşdırma prokurorluqdan başqa 3 nazirlik - Ədalət, Daxili İşlər, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən aparılır.
Srağagün Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsinin (HK) sədri Fərhat Gündoğdu da daxil olmaqla, bu komitə ilə əlaqəli olan ümumilikdə 7 nəfər saxlanıldı. Söhbət Fəal Hakimlər Dərnəyinin sədri Fərdi Karadoruk, HK-nın sabiq başqan vəkili Ahmet Şahin, HK-nın sabiq rəsmisi Yunus Yıldırım, TFF bölgələr üzrə hakimlərə cavabdeh yönətici Sebahattin Şahin, Hakimlər və Hakim İnspektorlar Dərnəyinin İstanbul şöbəsinin təşkilat məsələləri üzrə rəsmisi Alican Sağlar və həmin dərnəyin sədri Emre Kosifdən gedir. Onlar mobbinqdə, komitə ilə bağlı bəzi sənədləri saxtalaşdırmaqda, hakimlər üçün sınaq imtahanlarının nəticələrini dəyişməkdə, eləcə də cavabları əvvəlcədən özlərinə lazım olan şəxslərə ötürməkdə, bəzi şəxslərə aid məlumatları qanunsuz şəkildə ələ keçirməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır.
Onlar arasındakı ''vatsapp'' yazışmalarında da bir sıra maraqlı və qalmaqallı dialoqlar üzə çıxıb. Federasiya artıq rəsmi bəyanat yayaraq bu araşdırmaya tam dəstək verdiyini, bütün sənədlərin və barmaq izlərinin İstanbul Cümhuriyyət Prokurorluğuna təqdim olunduğunu açıqlayıb. Böyük ehtimalla HK-da ciddi dəyişikliklər olacaq.
Belə qalmaqaldan sonra Gündoğdunun işini davam etdirməsi real görsənmir. Türkiyə mənbələrinin yazdığına inansaq, HK-nın başına müvəqqəti olaraq Entoni Teylor gətiriləcək. Tanınmış sabiq ingiltərəli hakim zatən yaydan bu yana komitədə elit hakim direktoru vəzifəsini icra edir. Teylorun yeni vəzifədə 3 köməkçisi olacaq.
Türkiyə futbolunda hakimlərlə bağlı yeni qalmaqal - HK sədri və daha 6 nəfər saxlanıldı
Dünya futbolu





