Ayxan Abbasova daha bir şans verək! - YAZI

4.10.2026 11:23 108
Manşet / Yazarlar
Yığma bu gün Millətlər Liqasının D liqasında növbəti oyununu keçirəcək. Ayxan Abbasovun komandası "Palms Sport Arena"da Litvanı sınağa çəkəcək. Bu oyunun əhəmiyyəti haqda dəfələrlə yazmışıq. Bir daha xatırladaq ki, yığmanın bu rəqibi məğlub etməkdən başqa çarəsi yoxdu. Əks halda, liqanı qalib kimi başa vurmaq mümkünsüz olacaq.

Yığmanın Lixtenşteynlə heç-heçə etməsinin hər kəsi qəzəbləndirdiyindən xəbərdarıq. Ayxan Abbasov demişkən, bu rəqibi məğlub etmək millinin borcu idi. Lakin 46 (!) hücumdan, 26 (!) zərbədən heç biri qolla nəticələnmədi. Bəxt də bizdən üz çevirdi, təcrübə də. Öz aramızdı, sanki qapı tilsimlənmişdi...

Yığmanın belə rəzalətlə üzləşməsi ilk dəfə deyil və çox istəsək də, sonuncu olmayacaq. Azı ona görə ki, srağagünkü oyunda nə futbolçuların performansı, nə də ümumi komanda oyunu parlaq gələcək vəd etdi. Amma...

Söhbət millidən gedir. Bir gün biz, siz, həmin o futbolçular həyatda olmayacaq. Milli isə yaşayacaq. Yaşamalıdı! Yaşatmalıyıq! Nəyin bahasına olur-olsun. Bu gün büdrəmiş, cəhdləri boşa getmiş, böyük uğursuzluqla üzləşmiş yığma var. Təəssüf ki, onsuz da minlərlə futbolsevər yığmadan üz çevirib. Tribunaların heç yarısı da dolmur, nəinki hansısa anşlaqdan danışaq.

Bəs, nə edək? İndi təslim olaq, yoxsa döyüşək? Olan-qalan azarkeşlər də küssün, yoxsa milliyə qol-qanad gərək? Ayxan Abbasovu Azadlıq meydanında dara çəkək, yoxsa daha bir şans verək? Pərən-pərən düşək, yoxsa birləşib güclənək?

Bu sualların cavabını düşünmək üçün hələ bir gün vaxtınız var. İkinci tərəfdə olsaz, mütləq sabah saat 17.00-da "Palms Sports Arena"ya gəlin! Çünki biz orda olacağıq.

KƏNAN BAHADIR