“Yeddi sektor məhz “Fənərbaxça” azarkeşləri üçün ayrılıb” – bu necə olur?

3.10.2026 10:55 72
Ölkə futbolu
Böyük maraqla gözlənilən “Turan Tovuz” – “Fənərbaxça” matçına az qaldı.

Əlbəttə, bu oyunda hansı komandanın qalib gələcəyi səbrsizliklə gözlənilir. Ancaq tribunalarla bağlı durum da sual altındadı. Ona görə ki, stadiona “sarı-lacivərdlilər”in xeyli tərəfdarı təşrif buyuracaq və bu sırada azərbaycanlılardan təşkil olunan fanklublar da var.

Bəs, onlar oyuna görə “Fənərbaxça” forması geyəcəklərmi? İstanbul nəhəngi üçün pankartlar, xüsusi şüarlar hazırlanıbmı? Hansı komandanın qələbə qazanmasını arzulayırlar?

Bu suallarla “GFB Azərbaycan” azarkeş qrupunun rəhbəri Həbib Zahidliyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Yeddi sektor məhz “Fənərbaxça” azarkeşləri üçün ayrılıb. Biz qonaq komandanın tərəfdarları üçün nəzərdə tutulan sektorlarda olacağıq. Başqa yerlərdə də “Fənərbaxça” azarkeşləri əyləşəcək. Oyuna hazırlıq sürətlə davam edir. Əlbəttə, xüsusi şüarlar da səsləndirəcəyik. Arzumuz odu ki, bu matçda dostluq-qardaşlıq qələbə qazansın”.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20.00-da start götürəcək.

KƏNAN BAHADIR