Şmeyhelin futboldan sonrakı həyatı necə keçir? - ''Buna hazır deyildim''

2.10.2026 16:23 108
İdman
Mayda çiynindəki zədə üzündən 39 yaşında karyerasını bitirmək məcburiyyətində qalan Kasper Şmeyhel futboldan sonrakı həyatına dair diqqətçəkən açıqlamalar verib.

''Lester''in 2016-cı ildə qazandığı möcüzəvi premyer-liqa çempionluğunda qapını qoruyan danimarkalı özünü uşaqlarına həsr etdiyini və məşqçiliyə addım atmaq istədiyini vurğulayıb:

''Üç uşağım var. Onlarla vaxt keçirirəm. Onların tam zamanlı ''Uber'' sürücüsünə çevrilmişəm. Həyatımda qəribə bir keçid dönəmindəyəm. Açığı, buna hazır deyildim. Həyat sürprizlərlə doludu və mən də buna uyğunlaşmağa çalışıram. Məşqçilik kurslarına qatılıram, verilişlərdə qonaq qismində iştirak edirəm və uşaqlarımı lazım olan yerlərə aparıb gətirirəm. Karyeramı öz istəyimlə yekunlaşdırmadığımdan içimdəki həmin o rəqabət hissi hələ də yaşayır. Məşqçi və ya klub rəsmisi olmaq heç də pis olmazdı. İçimdəki o atəş hələ də yanır. Məşqçilik lisenziyasını almaq prosesindən o qədər də xoşum gəlmir. Amma başa düşürəm ki, bunu etməliyəm. Meydana çıxıb gənclərlə məşq etdikdə və ya gənc oyunçulara yardım etdikdə bundan həqiqətən də böyük zövq alıram. Həyatımboyu insanların məndən yüksək performans gözləməsinə alışmışdım və bu, mənə ilham verirdi. Ancaq bunların hamısı bir andaca yoxa çıxdı. O enerjinin yerini başqa bir şeylə doldurmalıyam''.