Azərbaycan - Lixtenşteyn oyunundan sonra futbolçular nə dedi? - AÇIQLAMALAR

2.10.2026 12:55 63
Ölkə futbolu / Manşet
Aron Zele:

“Düşünürəm ki, çətin oyun oldu. Qapımızın toxunulmazlığını qorumaq üçün əlimizdən gələn hər şeyi etdik. Bəli, bütün gücümüzü ortaya qoyduq və sonda 0:0 hesabı qeydə alındı. Bu nəticə bizim üçün yaxşıdı. Belə uzun müddətdən sonra nəyəsə nail olmaq daha da xoşdu. Bəli, rəqib güclü komandadı, keyfiyyətli və yaxşı futbolçuları var. Amma düşünürəm ki, sonda həmişə 11 nəfər 11 nəfərə qarşı oynayır. Azərbaycanın heyətində xüsusi şəkildə hansısa bir futbolçunun adını çəkə bilmərəm. Sadəcə, deyərdim ki, yaxşı komandadı.
Baş məşqçimiz bizi matçdan sonra təbrik etdi, Bu oyunda çox böyük enerji sərf etdik. Ümumiyyətlə, əlimizdən gəldiyi qədər, çox çalışırıq. Bəzi futbolçular işləyir, bəziləri tələbədi və bütün bunları futbolla birlikdə idarə etməyə çalışırıq. Düşünürəm ki, bu, bizim üçün böyük nailiyyətdi. Oyundan-oyuna hazırlaşacağıq. Əlimizdən gələni etməyə çalışacağıq. Sonda bu, futboldu. İnsan qalib gəlmək, hər oyunu qazanmaq istəyir. Amma eyni zamanda, harda olduğumuzu da nəzərə almalıyıq. Ona görə də hər oyuna ayrıca yanaşacağıq”.


Mahir Emreli:

“Komanda zəif təsir bağışladı deyə bilmərəm. Əvvəldən axıra kimi oyun baxımından danışırıqsa, dominant oynadıq. Çoxlu hücumlar edirdik. Qapıya bir neçə zərbə endirdik, lakin… Nə deyəcəyimi bilmirəm. İllər keçəcək, bu oyun unudulmayacaq. Ayıbımız kimi yadda qalacaq. Ona görə xalqımdan üzr istəyirəm”.

Ayxan Hüseynov:

“Futbol belədi də. Yaratdığın epizodları qola çevirə bilmirsənsə, sonda peşman olursan. İndi hamımız peşmanıq. Yalnız qələbəni düşünürdük. Təəssüf ki, yenə də çoxsaylı epizodlara giririk, amma onları qola çevirə bilmirik.
Bilmirəm, əslində niyə belə oldu. Neçənci oyundu ki, belə yaxşı imkanlarımız olur, amma onları dəyərləndirə bilmirik. Özümüz də başa düşmürük niyə. İndi ancaq oturub fikirləşməliyik ki, gələn oyunda daha konsentrasiyalı, daha istəkli şəkildə meydana çıxaq və qələbə qazanaq. Əlbəttə, nəticə bizi qıcıqlandırır. Onlar üçün heç-heçə qələbə kimidi. Amma biz heç-heçəni sanki məğlubiyyət kimi qəbul edirik. Biz meydana çıxanda yalnız qələbə haqqında düşünürdük. Alınmadı. Futbol belədi. Qələbə qazanmaq istəyirsənsə, qol vurmalısan. Ən əsası, bu gün bunu edə bilmədik. İnşallah, gələn oyuna üç günümüz var. Çalışıb maksimum hazırlaşacağıq, bu oyunu geridə qoyub, Litva ilə qarşılaşmaya köklənəcəyik. İnşallah, onda da yalnız qələbə düşünəcəyik. Yenə də deyirəm, imkanları dəyərləndirsəydik, əslində altı-yeddi qol vura bilərdik. Onları vursaydıq, bu gün hamımız burada sevinə-sevinə danışardıq. Amma bunu edə bilmədik. İnşallah, Litva ilə oyunda bunu həyata keçirməyə çalışacağıq. Yenə də ölkəmizi sevindirmək istəyirik. Bu gün alınmadı. Bir neçə oyundu istədiyimiz nəticəni əldə edə bilmirik. Amma futbol belədi. Gələn oyunda artıq keçmiş matçları yaddan çıxarıb, konsentrasiyalı və pozitiv şəkildə hazırlaşmalısan. Qələbə qazanmaq istəyirsənsə, pozitiv olmalısan. Əlbəttə, ölkəmizi və azarkeşlərimizi düşünürük. Onları sevindirmək istəyirik. Bu gün alınmadı. İnşallah, üç gündən sonra çalışacağıq ki, onları sevindirək”.


Severin Şlegel:

“Oyun yaxşı və çətin keçdi. Bu qarşılaşmaya hazırlaşmaq və istədiyimiz nəticəni əldə etmək üçün çox çalışmalı olduq. Düşünürəm ki, rəqibin qarşısını almaq üçün əlimizdən gələnin ən yaxşısını etdik. Əlbəttə, bir qədər də şansımız gətirdi. Amma sonda istədiyimiz nəticəni əldə etdik.
Azərbaycanın heç bir futbolçusunu əvvəldən tanımırdım. Bu gün onlarla tanış olmaq xoş oldu. Bəli, Azərbaycanın yaxşı futbolçuları var. Xüsusi bir ad deyə bilmərəm. Azərbaycandakı adlara çox bələd deyiləm. Amma 8 nömrəli futbolçunu çox bəyəndim. Məncə, o, çox yaxşı oynadı və gələcəkdə də yaxşı işlər görəcək. Hər oyuna çıxanda məqsədimiz xal və ya üç xal qazanmaqdı. Hər qarşılaşmaya ən azı bir xal qazanmaq düşüncəsi ilə başlayırıq. Bu gün qazandığımız xal bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz qazandığımız bütün xallara xüsusi yanaşırıq. Hər xal bizim üçün vacibdi. Çünki kiçik ölkəyik və qazandığımız hər xalı qeyd edirik. Düzünü desəm, Azərbaycandakı klublardan heç birini tanımırdım. Bura mənim üçün kifayət qədər tanış olmayan ölkədi və yerli klublar haqqında məlumatım yoxdu”.


İSRAYIL XEYRULLAYEV