“Kəpəz” “Gəncəbasar”ı Gəncəyə buraxmır? – Yevlaxa köçün səbəbi üzə çıxdı

30.09.2026 13:54 2 484
Ölkə futbolu / Manşet
1-ci liqa təmsilçisi “Gəncəbasar” 4-cü turda ev oyununda “Baku Sportinq”lə qarşılaşacaq. PFL-in saytında yayılan məlumata görə, oktyabrın 10-na nəzərdə tutulan oyun Gəncədə yox, Yevlax şəhər stadionunda keçiriləcək.

Bunun səbəbi nədi? Bəlkə artıq ev oyunlarını Gəncə şəhər stadionunda keçirən “Kəpəz”lə “canavarlar”ın sözü çəp gəlib? Axı, necə deyərlər, iki qoçun başı bir qazanda qaynamaz. Odu ki, “Gəncəbasar”ın mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirməsini istədik. Onun “Football-plus.az”a cavabı:

“Çempionatlarda fasilə olduğundan Gəncə stadionunun ot örtüyünə baxan şirkət tərəfindən profilaktik tədbirlər görülür. Bu səbəbdən komandamız qarşıdakı ev oyununu şəhərimizdə keçirə bilməyəcək. Bəli, 4-cü turda “Baku Sportinq”i Yevlax şəhər stadionunda qəbul edəcəyik. Amma komandamız təqvim üzrə növbəti ev görüşlərini Gəncə stadionunda keçirəcək”.

Xatırladaq ki, “Gəncəbasar” – “Baku Sportinq” oyunu saat 15.30-da başlanacaq.

KƏNAN BAHADIR