Yığma üzvlərinin qiymətləndirməsi (10 ballıq şkala ilə)

29.09.2026 15:17 99
Ölkə futbolu
Emil Balayev – 6,5
Təcrübəli qapıçı bu oyunda da milli formaya layiq olduğunu sübut etdi. Əlbəttə, penalti zərbəsi qarşısında aciz qalmasaydı, daha yüksək bala layiq olacaqdı. Ancaq o, zərbənin istiqamətini tapsa da, dəf edə bilmədi. Hər halda, qapıçı müdafiəçilərin də yardımı ilə yaxşı oyun keçirdi.

Rüfət Abbasov – 6,0
Rüfət Tacikistana qarşı yoxlama oyununda sona yaxın meydana çıxsa da, cənfəşanlıqla yadda qalmışdı. Böyük ehtimalla, Ayxan Abbasov məhz bu səbəbdən ona rəsmi matçda da güvəndi. Əminliklə yaza bilərik ki, müdafiəçi vəzifəsinin öhdəsindən gəldi. Ancaq bunda rəqibin hücum xəttinin “dişli” olmaması da rol oynadı.

Toral Bayramov – 5,5
Bizə elə gəlir ki, baş məşqçi Toralın fiziki baxımdan yüklənməsindən narahat olduğuna görə start heyətində şans vermədi. Ancaq sonradan meydana çıxan müdafiəçi axıra qədər vəzifəsini qüsursuz icra etməyə çalışdı.

Rəhman Daşdəmirov – 6,0
Rəhman yorulmaq bilmir ki, bilmir. Düzdü, Ayxan bəy yoxlama oyununda onun “Sabah”da sıx qrafik üzrə gərgin mövsüm keçirdiyini nəzərə almışdı. Ancaq bu dəfə müdafiəçi əvvəldən sonadək oynadı. Rəhman ciddi səhvə yol vermədi. Rəqibi vaxtında dayandırmağa, hücumların inkişafına mane olmağa çalışdı. Mahirin qol vurduğu hücumu da o başladı.

Bədavi Hüseynov – 6,0
Bədavi bu dəfə də təcrübəsini danışdırdı. Lazımi vaxtda lazımi yerdə olan kapitan millinin xal qazanmasında böyük rol oynadı. Onun Emini arxa planda qoya bilib-bilməyəcəyini dəqiq demək çətindi. Ancaq Mahmudovdan daha sürətli, fiziki cəhətdən hazırlıqlı olduğuna şübhə yoxdu.

Rahil Məmmədov – 5,5
Etiraf edək ki, Rahil əvvəlki Rahil deyil. Daha əvvəlkitək sürətli qaçmır, baxımlı oynamır, təkbətək mübarizələrdə güclü görünmür. Ancaq bunu yaşla yox, yanlış komanda seçimləri ilə əlaqələndirmək daha məqsədəuyğun olar. Qapımıza vurulan qolun da təməlini qoydu. Həmin anda cərimə meydançası daxilində ötürmə vermək yox, topu uzağa vurmaq lazım idi.

Tellur Mütəllimov – 6,5
Tellur da müdafiə xəttinin diqqətli çıxış edən oyunçuları sırasında yer aldı. Hadisələrin axarından düzgün nəticə çıxarmağa çalışan futbolçu bir an belə nəzarəti itirmədi. İstər yerdən, istərsə də havan gələn topun təhlükə yaratmaması üçün ayığ-sayıqlılığını qorudu. Mahirin vurduğu qolda da həlledici rol oynadı.

Aleksey İsayev – 6,0
Əvvəldən sonadək tər tökən futbolçular sırasında Aleksey də yer aldı. Təcrübəsi ilə milli üçün faydalı olmağa çalışan oyunçu istəyinə çatdı. Düzdü, Rahil, Tellur kimi, o da məcbur qaldıqca qayda pozuntularına yol verdi və rəsmi xəbərdarlıqla üzləşdi. Lakin bu üzdən onu qınamağa dəyməz. Necə deyərlər, çox gəzənin ayağına daş dəyər.

Emil Səfərov – 5,0
Yalnız 1-ci hissədə mübarizə aparan yarımmüdafiəçi millinin qapısına penalti təyin edilməsinə səbəb oldu. Düzdü, futbolçu hakimin qərarı ilə qəti razı deyil. Ancaq Emil qalan vaxtda da özünü yaxşı tərəfdən göstərməkdə çətinlik çəkdi. Bunu təkcə biz yox, Ayxan Abbasov da gördü ki, onu “istirahətə dəvət etdi”.

Rüfət Abdullazadə - 5,5
İkincı yarıda meydana çıxan yarımmüdafiəçi fəal oynadı. O, orta sahədə hadisələrin axarına nəzarət etməyə, kobud səhvlə yadda qalmamağa çalışdı. Yarımmüdafiəçi formada olmadığını büruzə verməməyə çalışdı və buna böyük ölçüdə nail olduğunu deyə bilərik.

Abdulla Xaybullayev – 5,5
44-cü dəqiqədə cərimə meydançasına daxil olar-olmaz bəxtini sınayan Abdulla dəqiq oynasaydı, indi matçın qəhrəmanları sırasında idi. Ancaq Mahir və Renatın rəqib müdafiəçilərin başını qatmasına rəğmən, “çərçivə”ni tapmaqda çətinlik çəkən yarımmüdafəçi uğursuzluğa düçar oldu. Əlbəttə, bir fürsəti qaçırmaq böyük qəbahət deyil. Lakin söhbət çətin səfər oyunundan gedirsə, bağışlamaq çətinləşir...

Mahir Emreli – 7,0
Tacikistanla oyunda qol vurmaq üçün dəridən-qabıqdan çıxan, zədələnmək bahasına adını tabloya yazdırmağa can atan Mahir Litvada bunu bacardı. Tellurun ötürməsini qəbul edəndən sonra çevrilərək rəqibin 4 futbolçunun arasından sıyrılan hücumçu oyunun qəhrəmanına çevrildi. Onun təkcə özünün yox, komanda yoldaşlarının da fərqlənməsinə şərait yaratmağa çalışması diqqətimizdən yayınmadı.

Renat Dadaşov – 5,5
Düzü, Renatın hücumun sivri ucunda yer alması bizim üçün sürpriz oldu. Çünki nəinki yoxlama oyununda, məxsus olduğu klubda – “Bukovina”da belə hələ özünü yaxşı tərəfdən göstərməyə macal tapmayan futbolçunun sonradan meydana çıxacağı proqnozlaşdırılırdı. Hücumçu ən ideal fürsəti 51-ci dəqiqədə, daha doğrusu, Rüfətin qapı önünə ötürməsi sayəsində əldə etmişdi. Ancaq dabanıyla fərqlənmək istəyən futbolçu qeyri-dəqiq oynadı.

Musa Qurbanlı – 5,0
Bəlkə də Ayxan bəy əvəzetmələr zamanı hücum xəttini gücləndirməyə davam etsəydi, sonradan meydana çıxan Musa da bacarıqlarını sərgiləyə bilərdi. Sadəcə, gənc hücumçunun yaxşı çıxışla yadda qalmamasının səbəbini yalnız baş məşqçi ilə əlaqələndirmək olmaz. Axı Musa mübarizəyə, ümumiyyətlə, hazır görünmürdü.

Cəlal Hüseynov – qiymətsiz

Vüsal İsgəndərli – qiymətsiz

KƏNAN BAHADIR