Qorxaq taktika, sərfəli hesab - Litvanı səfərdə məğlub etmək olardı

29.09.2026 12:08 72
Ölkə futbolu / Reportaj
Millətlər Liqası, 2026/27 mövsümünün seçmə turniri
D liqası, 2-ci qrup
Litva – Azərbaycan 1:1 (1:1)

23. Cyuqas Bartkus
2. Artemiyus Tutişkinas
3. Edqaras Utkus
18. Vilius Armalas
13. Yuskas Lasitskas (k)
15. Qvidas Gineytis
16. Lukas Mixelbrink
(6. Modestas Vorovyovas, 66)
21. Adrian Litusknas
(22. Moteyus Burba, 66)
7. Artur Doljnikov
(11. Eligiyus Yankauskas, 77)
10. Armandas Kuçis
(19. İqnas Venskus, 77)
14. Vikintas Slivka
(8. Domantas Şluta, 57)
Ehtiyat oyunçular
1. Edvinas Gertmonas
12. Tomas Şvedkauskas
4. Jigimantas Baltrunas
5. Kipras Kajukolovas
9. Manfredas Ruzgis
17. Faustas Steponaviçyus
20. Rokas Lekiatas
Baş məşqçi: Edqaras Yankauskas

1. Emil Balayev
3. Rüfət Abbasov
(7. Toral Bayramov, 60)
2. Rəhman Daşdəmirov
15. Bədavi Hüseynov (k)
4. Rahil Məmmədov
19. Tellur Mütəllimov
(17. Vüsal İsgəndərli, 87)
20. Aleksey İsayev
13. Emil Səfərov
(21. Rüfət Abdullazadə, 46)
6. Abdulla Xaybullayev
(18. Cəlal Hüseynov, 90+2)
10. Mahir Emreli
9. Renat Dadaşov
(22. Musa Qurbanlı, 60)
Ehtiyat oyunçular
12. Aydın Bayramov
23. Rəvan Mirzəmmədov
5. Anton Krivotsyuk
14. Elvin Bədəlov
8. Emin Mahmudov
11. Ayxan Hüseynov
16. Oruc Məmmədov
Baş məşqçi: Ayxan Abbasov

Qollar: A.Kuçis, 9-p. (1:0). M.Emreli, 14 (1:1).
Vərəqələr: R.Məmmədov, 27. T.Mütəllimov, 34. Q.Gineytis, 52. A.İsayev, 56 – sarı.
Hakimlər: MENELAOS ANTONİO, Pavlos Georgiu, Eraklis Komodromos, Konstantinos Fellas (hamısı Cənubi Kipr).
VAR hakimi: Marios Xristoforu (Cənubi Kipr).
VAR hakiminin köməkçisi: Dimitris Solomou (Cənubi Kipr).
Hakim-inspektor: Nenad Cokiç (Serbiya).
UEFA nümayəndəsi: Oktavian Qoqa (Rumıniya).
27 sentyabr. Kaunas. Darius və Girenas adına stadion. 7539 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

oyunun statistikası
9 (3) qapıya (“çərçivə”yə) zərbə 9 (3)
0 künc zərbəsi 2
3 ofsayd 0
15 qayda pozuntusu 16
53 topa sahibolma (faizlə) 47

Litva ilk turun oyununda səfərdə Lixtenşteyni məğlub etməklə bir addım önə çıxmışdı. Yığmamız isə qrup qalibi olmaq vəzifəsinin öhdəsindən gəlmək üçün Kaunas səfərində qələbə qazanmalıydı. Üstəlik burda bir önəmli məqam var: UEFA Millətlər Liqasının startı ərəfəsində reqlamentdə dəyişiklik edib. Yəni D liqasında iki qrupdan birinin qalibinin (ən yaxşı nəticə göstərənin) AÇ-2028-in pley-offuna vəsiqə qazanmaq şansı var. Bunun üçün A, B və C liqalarında qrup qalibləri paralel şəkildə AÇ-nin seçmə mərhələsində öz qruplarında ilk iki yerdən birini tutaraq yarışa birbaşa vəsiqə əldə etməlidi. Sözümüzün canı odu ki, Azərbaycan öz qrupunda 1-ci yeri daha yaxşı, hətta maksimum nəticə ilə bitirməlidi ki, digər qrupda qalib olacağı gözlənilən Maltanı da qabaqlaya bilsin. Təəssüf ki, Kaunasdakı oyun bu mənada ümid vermədi. Digər tərəfdən, oyunun Anım Gününə təsadüf etməsi yığma üzvlərinə əlavə motivasiya verməliydi.

Start heyətləri açıqlananda bəlli oldu ki, Ayxan Abbasov Litvaya apardığı futbolçulardan 7-ni - Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, Murad Xaçayev, Edqar Adilxanov, Fərid Yusifli, Rəhim Sadıxov və Anatoli Nuriyevi “23-lüy”ə belə salmayıb. Amma bundan da maraqlı məqam baş məşqçinin yığmamızdan reytinqdə 23 pillə geri qalan rəqibin önünə 5 müdafiəçi ilə çıxması idi. Yığmamız oyun başlayan kimi “soyuq duş qəbul etdi”. Qolun heç qoxusu da gəlmirdi. Ancaq Mahir topu Abdullaya, o Rahilə, Rahil Emilə ötürdü, rəqib topu ələ keçirdi, Səfərovun Gineytisə yüngül toxunuşu kifayət etdi ki, hakim “nöqtə”ni göstərsin. Əlbəttə, mən bu epizodda yüzdəyüz penalti olduğunu iddia etmirəm, amma Emil də referinin Kiprdən gəldiyini unutmamalıydı. İnsafən, qol bizimkiləri ruhdan salmadı. Cəmi 5 dəqiqə sonra sol cinahdan qurulan hücum zamanı Rəhman topu cərimə meydançasına göndərdi, Tellur onu Mahir üçün saxladı, o da dönərək sol ayaqla ənənəvi zərbələrindən birini vurdu. Mahirin belə zərbələrinin öldürücü təsirini çox görmüşük, sadəcə, topu ayaqları arasından buraxan Bartkus da kobud səhvə yol verdi.

Gözləmək olardı ki, bu qol bizimkiləri daha da ruhlandıracaq, onlar yenə müntəzəm irəli atılacaq. Ancaq belə olmadı. Hər iki komanda ehtiyatlı davranır, sanki səhv etməkdən çəkinirdi. Qarşılıqlı hücumlar real təhlükəli vəziyyətlə müşayiət olunmurdu. Düzdü, fasiləyə hesabda öndə yollana bilərdik. 44-cü dəqiqədə uzun reyd edən Abdulla cərimə meydançasının xətti üzərindən qeyri-dəqiq zərbə vurdu.

Ayxan Abbasov penaltiyə səbəbkar olan Emil Səfərovun əvəzinə 2-ci hissədə meydana Rüfət Abdullazadəni buraxdı. Bu dəyişiklik dərhal nəticə effekt verə bilərdi. Məhz Rüfət 51-ci dəqiqədə Renata elə ötürmə verdi ki, sadəcə, topu qapıdan keçirmək qalırdı. Ancaq Dadaşov real şansı qaçırdı. Ümumiyyətlə, 2-ci hissədə komandalardan hansınınsa üstün oynadığını demək çətindi. Tərəflər zaman-zaman təşəbbüsə yiyələnir, hesabı dəyişməyə çalışır, sonra da sakitləşirdi. 69-cu dəqiqədə bəxt üzümüzü güldü. Burbanın qapıya paralel ötürməsinə Kuçis ayaq qoya bilmədi. Yığmamızın heyətində isə ən fəal oyunçu Mahir idi. Onun 75-ci dəqiqədəki zərbəsindən sonra top “çərçivə”yə düşmədi. Bir qədər sonra Musa da qapıya daha səliqəli zərbə vura bilərdi. Yeri gəlmişkən, sonradan meydana çıxanlardan yalnız Abdullazadə komandamızın oyununu bir qədər canlandırdı. Başqaları haqda isə müsbət nəsə demək çətindi. Ya taktiki sxemin nəticədi idi, ya da futbolçuların öz gücünə inanmamasının: reallıq budu ki, Litvaya qarşı daha cəsarətli oynamaq, qol yolunda fədakarlıq etmək lazım idi.

Şəxsən mənə belə gəldi ki, Ayxan bəy və komandası heç-heçəni də qənaətbəxş nəticə sayır və bu rəqibi evdə məğlub etməklə qrup lideri olmağın xəyallarını cızır. Öz aramızdı, həmin qrup liderliyi bizə ümumilikdə D liqasının qalibi olmağa imkan verməyəcəksə, onda nəyə lazımdı?! Növbəti oyunları gözləyək. Amma sonda yenə bu fikri deməkdən özümü saxlaya bilmirəm: Litvanı səfərdə məğlub etmək olardı və məğlub etməliydik!

Gözdən qaçmadı
* Mahir qol vurandan sonra əsgər salamı verdi, ona əvvəlcə Abdulla ilə Renat, ardından bütün komanda yoldaşları qoşuldu.
* 15315 yerlik stadiona 7539 azarkeş toplaşmışdı ki, onlardan 100-ə yaxını soydaşımız idi. Mərkəzi Avropa vaxtı ilə saat 15.00-da başlayan oyununun teleyayınını tərifləmək çətindi. Meydanın kölgə düşən hissələrində nələrin yaşandığını görmədik.
* 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan Gineytis sonradan dəfələrlə futbolçularımıza qarşı kobud oynasa da, hakimin onu meydandan qovmağa cəsarəti çatmadı.
* Kaunasdakı oyun ərəfəsində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, yığmanın baş məşqçisi Ayxan Abbasov, komanda üzvləri, məşqçi və texniki heyəti, eləcə də AFFA-nın əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini birdəqiqəlik sükutla yad edib.

ORXAN