“Amma siz əminsiz ki, Emin meydana çıxsaydı, ikinci qolu buraxmayacaqdıq?” - Ayxan Abbasovun hansı qərarları mübahisə doğurdu?

29.09.2026 13:53 99
Ölkə futbolu / Manşet
Yığma Litvadan xalla dönsə də, meydanda göstərdiyi oyun, eləcə də baş məşqçi Ayxan Abbasovun bəzi taktiki seçimləri sual doğurdu.

Məsələn, 5 müdafiəçi ilə oynamaq nə dərəcədə doğru seçim idi? Texnikalı oyunçuya ehtiyac olduğu məqamda niyə Emin Mahmudova, heç olmasa, 45 dəqiqə şans verilmədi? Niyə Vüsal İsgəndərli meydana gec buraxıldı? Qələbə topuna ehtiyac duyduğumuz məqamda Abdulla Xaybullayevin müdafiəçi Cəlal Hüseynovla əvəzlənməsinə nə ehtiyac vardı? Ümumiyyətlə, bu nəticənu yığmamız üçün uğurlu saymaq olarmı?

Bu suallara cavab tapmaq üçün Aslan Kərimovla əlaqə saxladıq:

“Məşqin içində olmadan, hazırlıq dövrünü görmədən “filan şey belə idi, niyə bunu meydana buraxmadılar, niyə onu buraxdılar” tipli suallar vermək, məncə, bir qədər düzgün deyil. Beş müdafiəçi ilə oynamaq problemdimi? İtaliya millisinin Kontenin dövründəki oyunlarını xatırlayın. Komanda beş müdafiəçi ilə oynayırdı, amma dominant futbol sərgiləyirdi və güclü rəqibləri məğlub edirdi. Deməli, məsələ müdafiəçilərin sayında deyil. Əsas məsələ oyunçuların həmin sistemdə üzərinə qoyulan vəzifələri necə yerinə yetirməsidi. Beşli müdafiə ilə oynayırsansa, cinah müdafiəçilərin nə qədər irəli çıxacaq, nə qədər geridə qalacaq? Vacib olan belə taktiki detallardı. Ona görə hesab edirəm ki, bizim problemimiz beşli, yoxsa dördlü müdafiə ilə oynamaq deyildi. Rəqib də bəzi epizodlarda beşli müdafiə ilə oynayırdı. Əslində burda məqsədimizin nə olduğunu düşünmək lazımdı. Qarşıya qoyduğumuz yeganə məqsəd D liqasında hansısa komandanı məğlub etməkdisə, onda bundan çox da irəli gedə bilmərik. Çünki burdan çıxandan sonra qarşılaşacağımız rəqiblərin 90 faizinə qarşı dominant oynaya bilməyəcəyik. Bu, bizim məqsədimiz olmamalıdı. Burdan çıxandan sonra bir çox rəqibə qarşı daha ehtiyatlı oynamaq məcburiyyətində qalacağıq. Ayxan Abbasov bu sistemdə futbolçulardan daha çox performans ala bildiyini düşündüyü üçün həmin sistemi seçib. Amma niyə məhz bunu seçdiyini onun əvəzinə deyə bilmərəm.

Emin Mahmudov meydanda olsaydı, daha çox top saxlayardıqmı? Burda bizim potensialımızla rəqibin potensialı aşağı-yuxarı eyni səviyyədə idi. Topa sahibolmada zaman-zaman biz üstünlük əldə edirdik, zaman-zaman rəqib. Emin Mahmudov bəlkə də fiziki baxımdan istənilən formada deyil. Ona görə onun niyə oynamadığını fiziki vəziyyətini bilmədən demək bir qədər iddialı yanaşma olar. Şübhəsiz, Emin top saxlamağı bacaran futbolçudu. Amma bir nəfərlə top saxlamaq mümkün deyil. Topa nəzarətdən söhbət gedirsə, bütün komanda bunu bacarmalıdı. Mərkəz müdafiəçiləri, dayaq yarımmüdafiəçiləri, meydanın mərkəzində oynayan futbolçular topu özündə saxlamağı, kombinasiyalı oynamağı bacarmalıdı. Yəni yalnız Eminin olması və ya olmaması ilə bu məsələ həll edilmir. Açıq danışaq, Litva ilə aşağı-yuxarı eyni səviyyədə olan komandayıq. Daha yaxşı oynaya bilərdikmi? Bəli, mümkün idi. Daha çox qol vura bilərdikmi? Bəli, bu da mümkün idi. Amma ümumi götürəndə topa nəzarətlə bağlı mənim də qeydlərim var. Bəli, Emini meydana buraxmaq da olardı, buraxmamaq da. Amma siz əminsiz ki, Emin meydana çıxsaydı, ikinci qolu buraxmayacaqdıq?

Mənə elə gəlir ki, orta sahədə müəyyən məqamda rəqib bizi üstələməyə başladı. Xüsusilə birinci hissədə daha çox ötürmə ilə oynayırdılar. İkinci hissədə Ayxan Abbasov daha hərəkətli və sürətli Rüfət Abdullazadəni meydana buraxdı. Əslində Abdullazadə də ikinci hissədə bir qol vəziyyəti yaratdı. Sürətindən istifadə etdi, üzərinə məsuliyyət götürdü, cərimə meydançasına doğru irəliləyərək ötürmə verdi. Təəssüf ki, Renat bunu qola çevirə bilmədi. Məncə, Abdullazadə meydana çıxaraq ən azı oyunu bir qədər gücləndirməyi bacardı.

Digər əvəzetmələrə də eyni prizmadan baxmaq lazımdı. Meydana çıxan futbolçuların hər birinin müəyyən funksiyası var. Məncə, Rüfət oyunu bir qədər gücləndirməyi bacardı.

Turalı da ikinci hissədə meydana buraxmağı doğru hesab edirəm. Çünki onun oyun praktikasının yoxluğu istər-istəməz ikinci hissədə meydana çıxmasını tələb edirdi. Tural meydana çıxandan sonra fayda vermədisə, bu, məşqçinin səhvi demək deyil. Çünki həmin anda hansı futbolçunu meydana buraxsanız, müəyyən riskiniz olacaq. Siz Turalın “Qarabağ”ın heyətində cinah ötürmələrindən, zərbələrindən və cərimə zərbələrindən istifadə edə biləcəyinə inanırsız və bu niyyətlə onu meydana buraxırsız. Sonradan isə oyunda belə bir imkan yaranmadıqda bunu başqa cür qiymətləndirirsiz.

Vüsala beş dəqiqə şans verildi. Amma onun yerində oynayan futbolçu kim idi? Vüsalın beş dəqiqəliyə meydana çıxması da normal haldı. Guya Vüsalı daha çox oynatsaydı, mütləq qol vuracaqdıq? Bunu heç kim deyə bilməz. Vüsal daha çox hücumameylli futbolçudu, müdafiə bacarığı o qədər güclü deyil. Ona görə də bütün bu dəlillərdən sonra məşqçini açıq şəkildə günahlandırmaq düzgün deyil.

Cəlalın son dəqiqələrdə meydana buraxmasının səbəbimi başa düşdüm. Mənə elə gəlir ki, Cəlalı son dəqiqələrdə meydanın mərkəzinə buraxdı. Rəqib son 5-6 dəqiqədə uzun ötürmələrə, cərimə meydançasının ətrafına top göndərməyə başladı. Cəlal da mərkəz müdafiəçisi kimi hava toplarında oynamağı bacaran futbolçudu. Ona görə də onu yarımmüdafiə mövqeyinə, yəni üç mərkəz müdafiəçisinin önünə buraxması başadüşüləndi.
İki xal itirdik, yoxsa bir xal qazandıq - bilmirəm. Amma ümumi götürəndə rəqib meydanında məğlub olmadığımızı və Bakıda onlarla ikinci oyunumuzun olduğunu nəzərə alsaq, məncə, vəziyyət o qədər də pis deyil. İkinci oyunda onlara qalib gəlsək, onları geridə qoymaq iqtidarındayıq. Hesab edirəm ki, Bakıdakı oyun Litvadakı qarşılaşmadan daha effektli ola bilər. Çünki onlar uzun yol qət edib Azərbaycana gələcəklər. Biz isə öz meydanımızda və azarkeşlərimizin qarşısında oynayacağıq. Bu da bizə müəyyən üstünlük verir. İki eyni səviyyəli komandanın qarşılaşmasında bəzən kiçik detallar həlledici olur. Hər halda, qrupda birinci olmaq bizim üçün yetərincə real görünür. Bir-birimizlə oynadıq və oyun da göstərdi ki, biz onlara qalib gələ bilərik. Qrupda 1-ci olmaq ən azı futbolçularımızda özünəinamı geri qaytara bilər”.


İSRAYIL XEYRULLAYEV