''Beşiktaş'' başqanından transfer etirafı - ''Onu qışda alacağıq''

27.09.2026 19:24 36
Dünya futbolu
''Beşiktaş'' başqanı Sərdal Adalı baş məşqçi Vinçentso İtalyanonun transferini tələb etdiyi futbolçunun adını açıqlayıb. Söhbət ''Nyukasl''lı Co Uillokdan gedir.

İngiltərəli yarımmüdafiəçi haqda diqqətçəkən etiraflar edən Adalı onu qışda heyətə qatacaqlarını bildirib:

''Bu yay cəhd göstərib ala bilmədiyimiz oyunçular oldu. Bunların başında Co Uillok gəlir. Onun adı ilk gündən məşqçimizin dilindən düşmədi. Bu işi gizli həyata keçirmək istədik. Heç kimin bundan xəbəri yoxdu, amma Uillokun az qala sülaləsini də İstanbula gətirdim. Ev seçdilər. Ən azı 10 dəfə İtalyano və idman direktorumuz Öndər Özən ilə görüntülü danışdılar. İki dəfə danışıqlar üçün biz də onun yanına getdik. Müqavilə müddəti mövsümün sonunda başa çatır. ''Nyukasl'' bizdən 20 milyon funt sterlinq tələb etmişdi. Amma qışda yenidən cəhd edəcəyik. Daha doğrusu, bu transferi tamamlayacağıq. İtalyanonun indiyə qədər istəyib ala bilmədiyimiz yeganə futbolçu Uillokdu. Həqiqətən də yarımmüdafiədə onun kimi oyunçuya ehtiyacımız var. Eləcə də ''Reyncers''də çıxış edən Nikola Raskini də almağa cəhd etdik. Məşqçimiz diqqəti əsasən yarımmüdafiəyə yönəltdiyindən digər mövqelərdə əlimizdə olan futbolçuların yetərli olacağını dedi. Bu üzdə sol mərkəz müdafiəçisi almadıq. Amma ara transfer dönəmində güclənməyə ehtiyac duyan mövqelərə oyunçu alacağıq''.

Qeyd edək ki, ''Arsenal''ın yetirməsi olan və 2021-dən ''Nyukasl''ın şərəfini qoruyan Uillokun dəyəri 14 milyon avro civarındadı. 27 yaşlı futbolçu bu mövsüm iştirak etdiyi 7 rəsmi oyunda 442 dəqiqə meydanda olub və aktivinə 3 qol yazıb.