Aqnes yeni rekord müəyyənləşdirdi

26.09.2026 10:00 81
İdman
Keniyalı atlet Aqnes Nqetiç Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şosse qaçışı üzrə dünya çempionatında növbəti böyük uğura imza atıb.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı idmançı yarımmarafon məsafəsini 1 saat 5 dəqiqə 15 saniyəyə qət edərək qadınların ayrıca startı üzrə yeni dünya rekordu müəyyənləşdirib.

Nqetiç həmyerlisi Peres Cepçirçirin 2020-ci ildə Gdinyada qeydə alınan 1:05:16 nəticəsini bir saniyə yaxşılaşdırıb. Nqetiç yarışa yüksək templə başlayıb və artıq beş kilometrdən sonra rəqiblərini 10 saniyə qabaqlayıb. O, həmin məsafəni 15:12, 10 kilometri 30:39, 15 kilometri isə 46:17 nəticə ilə keçib.

Keniyalı atlet 20 kilometr nişanına 1:01:56 nəticə ilə çatıb və finiş xəttini 1:05:15-də keçərək tarixi nəticəyə imza atıb. O, 2-ci yeri tutan həmyerlisi Veronika Loleonu 50 saniyə qabaqlayıb. Ruandalı Florens Niyonkuru isə 1:06:08 nəticə ilə ölkə rekordunu yeniləyərək bürünc medal qazanıb.

Bu, Nqetiçin 2026-cı ildə ikinci dünya çempionluğu olub. O, yanvarda Tallahassidə keçirilən kross üzrə dünya çempionatında da qızıl medal qazanıb.