Osimhen bu oyunda sıraya dönəcək

25.09.2026 19:13 189
Dünya futbolu
''Qalatasaray'' cəbhəsinin dönüşünü böyük səbirsizliklə gözlədiyi Viktor Osimhendən yeni xəbər var.

Son 3 rəsmi oyunda iştirak etməyən 27 yaşlı ulduz Nigeriya yığmasının iştirak ərizəsindən çıxarılsa da, komanda ilə birlikdə vətəninə yollanıb. Ancaq 5 günlük icazənin ardından Osimhen İstanbula dönmək üzrədi.

''Qalatasaray''ın onunla bağlı planı bəlli olub. İlkin ehtimallara görə Osimhenin yığma fasiləsindən sonra ''Kasımpaşa'' ilə oyunda sıraya dönəcəyi gözlənilirdi. Ancaq məşqçilər korpusu riskə getmək istəmir. Türkiyə mənbələrinin yazdığına inansaq, Osimhenin ''Kasımpaşa'' ilə matçda start heyətində oynamaq ehtimalı az görünür. O, həmin matçda ya ikinci hissədə meydana çıxacaq, ya da ümumiyyətlə iştirak etməyəcək. ''Qalatasaray''ın əsas hədəfi Osimheni Çempionlar Liqasında ''Barselona'' ilə oyuna yetişdirməkdi. Məhz həmin önəmli qarşılaşmada bu futbolçunun start heyətində oynaması planlaşdırılır.

''Qalatasaray'' Osimhensiz çətin rəqiblərlə qarşılaşmalarda bir qayda olaraq qələbə qazanmaqda çətinlik çəkir. Bu mənzərəni Avropa arenasında ''Alkmaar'', ''Ayntraxt'', ''Union'', son olaraq ''Sportinq'' və ''Trabzonspor''la oyunlarda izləmişik.

Osimhen bu mövsüm zədələmədən öncə iştirak etdiyi 4 rəsmi oyunda 6 qol, 2 məhsuldar ötürmə ilə fərqlənmişdi.