''Trabzonspor'' ''Qalatasaray'' və ''Beşiktaş''ın sabiq futbolçusuna yönəlib

24.09.2026 14:28 279
Dünya futbolu
Yarımmüdafiənin mərkəzini gücləndirmək istəyən ''Trabzonspor'' karyerasını ''Spartak''da davam etdirən Jedson Fernandeşə yönəlib.

Yeni baş məşqçi Tomas Rays da təcrübəli futbolçunun transferinə razılıq verib. Qaradənizlilər qışda ilk növbədə bu oyunçunun keçidini bitirməyə cəhd göstərəcəklər. İddialar atdıqdan sonra portuqaliyalı futbolçunun məxsus olduğu ''Gestifute'' menecerlik şirkəti rəsmi açıqlama verib. Şirkət Rusiya mətbuatına açıqlamasında transferin mümkün olmadığını bildirib:

''Jedsonun bu qış Trabzona yollanmaq ehtimalı yoxdu. Karyerasını elə ''Spartak''da davam etdirmək istəyir və bu klubda xoşbəxtdi''.

27 yaşlı Jedson Fernandeş Türkiyə futboluna gözəl bələddi. ''Trabzonspor''a keçidi baş tutacağı halda bu, onun Türkiyədə 4-cü fərqli klubu olacaq. Fernandeş daha öncə ''Qalatasaray'', ''Çaykur Rizəspor'' və ''Beşiktaş''da top qovub. Ötən yay 20 milyon avro qarşılığında ''ağ-qaralar''dan ''Spartak''a yollanaraq Moskva nəhənginin tarixinin ən bahalı transferinə çevrilib.

İndiki dəyəri 16 milyon avro civarında olan Fernandeş bu mövsüm Rusiyada 11 rəsmi oyunda aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazıb. Onun ''Spartak''la 2029-a qədər müqaviləsi var.