Bu gün Misli premyer-liqasında keçiriləcək "Şamaxı" - "Araz-Naxçıvan", "Kəpəz" - "Sumqayıt" oyunları ilə 6-cı tura yekun vurulacaq. Ardından elita klublarının yarışında milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq.
Bilindiyi kimi, həm Naxçıvan, həm də Sumqayıt təmsilçisi hələ mövsümdə ilk qələbəsini qazana bilməyib. Odu ki, komandalar bu gün qalib gəlməyə, fasiləyə xoş əhval-ruhiyyə ilə yollanmağa çalışacaq. Əks halda, hər birinin baş məşqçisinin - Cavid Hüseynovla Filipe Kandidonun istefaya göndərilmək ehtimalı yüksəkdi.
Onsuz da son vaxtlar Cavid bəylə klub rəhbərliyi arasında müəyyən məsələlərdə narazılığın olduğu haqda iddialar mövcuddu. "Qırmızı-ağlar"ın 2-ci turda "Neftçi"yə 0:5 hesabıyla uduzmasından sonra gərginləşən münasibətlərin hələ qaydasına düşmədiyi bildirilir. Ona görə ki, komanda hələ "günahını yuya bilməyib".
Kandidonun "kimyaçılar"dakı gələcəyi də parlaq görünmür. Düzdü, portuqaliyalı hər uğursuz nəticədən sonra komandasında inkişaf hiss etdiyini söyləyərək özünü "sığortalamağa" çalışır. Lakin "Sumqayıt"ın istər oyunu, istərsə də nəticələri qaneedici səviyyədə deyil.
Çempionatda təxminən üç həftə fasilənin yaranacağını nəzərə alsaq, adı çəkilən klubların rəhbərləri uğursuzluq olacağı halda, bu müddətdə yeni baş məşqçi ilə anlaşmaqda çətinlik çəkməyəcək. Çünki həmin mütəxəssisin komandanı tanımaq və planlarını həyata keçirə bilmək üçün yetərincə vaxtı olacaq. İndiki baş məşqçilərə daha çox şans tanınması isə böyük risk sayılacaq.
Görək, bizi bir neçə saat sonra start götürəcək matçlarda nə gözləyir? Komandalar tilsimi qıracaq, yoxsa ardıcıl istefalar gerçəkləşəcək?
KƏNAN BAHADIR
İki premyer-liqa klubunda baş məşqçi istefası... - Şamaxı və Gəncədə "əcəl zəngi" kimə çalınır?
Ölkə futbolu / Manşet






