Sentyabrın 16-da Avropa Liqasının (AL) 2026/27 mövsümünün əsas mərhələsinə start verildi.
"Football-plus.az" xəbər verir ki, ertəsi günlə birlikdə liqa mərhələsinin 1-ci turunun ilk 18 oyunu keçirildi.
Bilindiyi kimi, iki il əvvəl qitə kuboklarında qrup mərhələsi ləğv olunub və 8 qrupun əvəzinə vahid liqa mərhələsi tətbiq edilib. Komandaların sayı isə 32-dən 36-ya çatdırılıb. Çempionlar Liqasında (ÇL) olduğu kimi, AL-də də bu qədər iştirakçı liqa mərhələsində 8 fərqli rəqiblə 8 oyun keçirəcək. Matçlar 4 ev, 4 səfər oyunu prinsipi ilə təşkil ediləcək. Yekun turnir cədvəlində 1-8-ci yerləri tutanlar 1/8 finala vəsiqə qazanacaqlar. Liqanı 9-24-cü yerlərdə başa vuranlar bu mərhələyə çıxmaq üçün iki matçdan ibarət pley-offda gücünü sınayacaqlar. 25-36-cı yerləri tutanlar isə avrokuboklarda mübarizəni dayandıracaqlar.
Xatırladaq ki, ötən mövsümün Türkiyənin İstanbul şəhərində mayın 20-də keçirilən finalında “Frayburq”a 3:0 hesabıyla qalib gələn “Aston Villa” bu turnirdə ilk zəfərini reallaşdırmışdı. İngiltərə klubu bu uğuru sayəsində cari mövsümdə ÇL-də çıxış edir. Yeri gəlmişkən, “Dumanlı Albion”un digər təmsilçisi “Kristal Pelas” AL-də Konfrans Liqasının son qalibi kimi iştirak etmək hüququ qazanıb.
İştirakçılardan söz düşmüşkən, komandalar turnirə birbaşa vəsiqə qazananlar, ÇL-in pley-off mərhələsində mübarizəni dayandıranlar və AL-in pley-off mərhələsinin qaliblərindən ibarətdi. Klubların liqa mərhələsinə hansı yolla daxil olduqlarını nəzərinizə çatdırırıq.
Birbaşa vəsiqə qazanan komandalar: Alkmaar (Niderland), Bayer-04, Hoffenhaym (hər ikisi Almaniya), Bornmut, Kristal Pelas, Sanderlend (hamısı İngiltərə), Selta, Real Sosyedad (hər ikisi İspaniya), Milan, Yuventus (hər ikisi İtaliya), Marsel, Renn (hər ikisi Fransa), Torreense (Portuqaliya), Olimpiakos (Yunanıstan), Yunion (Belçika), Sparta (Çexiya), Şturm (Avstriya).
ÇL-in pley-off mərhələsində məğlub olan komandalar: Neymegen (Niderland), Lion (Fransa), Hapoel (Beer-Şeva, İsrail), Selye (Sloveniya), Dinamo (Xorvatiya), Seltik (Şotlandiya), Levski (Bolqarıstan).
AL-in pley-off mərhələsinin qalibi olan komandalar: Yagelloniya (Polşa), Ararat-Armeniya (Ermənistan), Lillestrem (Norveç), Beşiktaş (Türkiyə), Viktoriya (Plzen, Çexiya), Omoniya (Cənubi Kipr), Zaltsburq (Avstriya), OFİ (Yunanıstan), Benfika (Portuqaliya), Lex (Polşa), Anderlext (Belçika), Ferentsvaroş (Macarıstan).
“Bornmut”, “Lillestrem”, OFİ, “Sanderlend”, “Ararat-Armeniya” və “Torreense”nin ilk dəfə əsas mərhələdə mübarizə aparacağını da bildirək.
AL-in yeni mövsümünün ilk turunun çərşənbə günü keçirilən oyunları qitənin 5 aparıcı liqasını təmsil edən komandaların fərqli nəticələr göstərməsi ilə yadda qaldı. Startda uduzanlar da oldu. Cənubi Kiprdə daha erkən başlayan matç “Selta” üçün uğursuz alındı. İspaniya təmsilçisi yerli “Omoniya”dan son dəqiqələrdə buraxdığı yeganə qolla məğlub oldu. “Milan” isə İtaliyada “Benfika” ilə bacara bilmədi. Milanlıların sıralarına bu yay keçən baş məşqçi Ruben Amorim lissabonluların yetirməsi olub, sonra isə paytaxt klubu ilə 9 titul qazanıb.
“Benfika”nın daha bir yetirməsi olan hücumçu Ramuş da İtaliya klubunda ilk mövsümünə yenicə başlayıb. İki portuqaliyalının yaxşı tanıdıqları “qartallar”ın evə əliboş yollanması üçün əllərindən gələni edəcəyini düşünmək olardı. Lakin Amorim ilə Ramuşun səyləri heç bir nəticə vermədi. Lukebakio ilə hesabı 16-cı dəqiqədə açan qonaqlar oyuna daha hazır komanda təsiri bağışladılar. İkinci hissənin əvvəlində De Vinterin müdafiədəki səhvi Kaminskiyə fərqi iki topa çatdırmaq imkanı yaratdı. Marko Silvanın komandası bundan sonra əsas diqqəti hesabı qorumağa ayırdı. Ev sahibləri isə rəqibin bu taktikası fonunda hücumları inkişaf etdirmək planında ideya yetərsizliyindən əziyyət çəkdilər. Bəlkə də Modriç meydanda olsaydı, “Milan”ın problemi bu dərəcədə ciddi gözə dəyməzdi. Amma Amorim oyunların sıx qrafikinə görə veteran xorvat yarımmüdafiəçini qorumağı lazım bilmişdi. Beləliklə, onun yeni komandası AL-in liqa mərhələsinə məğlubiyyətlə başladı.
Qitənin aparıcı liqalarının digər təmsilçisi “Renn” Avstriya səfərində hesabına bir xal yazdı. Amma diqqəti cəlb edən əsas fakt heç də Fransalıların “Şturm”la oyununun qolsuz sona çatması deyil. Qonaqları çalışdıran Frank Heyz turnirdəki uğursuz seriyasına yeni mövsümdə də son qoya bilmədi. Zarafat deyil, 55 yaşlı fransız mütəxəssisin çalışdırdığı komandalar AL-də artıq 17 oyundu (5 heç-heçə, 12 məğlubiyyət) qələbə üzü görmür!
Heyz bu baxımdan Fransada işləyən Paulu Fonsekaya qibtə etməlidi. Belə ki, onun çalışdırdığı “Lion” Belçikada “Anderlext”i 2:1 hesabıyla məğlub etdi. Bununla da portuqaliyalının komandası AL-in liqa mərhələsində keçirdiyi 9-cu oyunda 8-ci qələbəsini qazandı. “Lion” kimi “Bayer-04” və “Sanderlend” də ilk turda maksimum nəticə göstərdi. Avrokuboklarda çoxdandı görünməyən İngiltərə klubu qitə səhnəsində sonuncu sınağını “Alkmaar” ilə matçdan 52 il 313 gün əvvəl vermişdi.
“Sanderlend” indi uzun fasilə planında “Qou Ehed İqls” (Niderland, 59 il 353 gün) və “Yunion”dan (Belçika, 57 il 336 gün) geri qalır. Niderlandlılar üzərində qazanılan minimalhesablı çətin qələbə bu səbəbdən xüsusi vurğulanmalıdı. Le Fenin 66-cı dəqiqədə penaltini qola çevirməsi ilə Sanderlenddə təxminən 53 il gözlənilən daha bir həsrətə son qoyuldu!
“Sabah”ın ÇL-in pley-offa mərhələsində üstələdiyi (1:2, 5:2) “Hapoel” Zaqreb “Dinamo”su ilə ev oyununu məlum səbəbdən Beer-Şevada deyil, neytral meydanda – Rumıniyada keçirdi. İsrail və Xorvatiya çempionlarının duelində “qol” səsi çıxmadı.
Əsas mərhələdə postsovet məkanını təmsil edən yeganə komandanın ilk turda uduzduğunu da qeyd edək. Ermənistanın son çempionu “Ararat-Armeniya” öz meydanında “Sparta” qarşısında darmadağın oldu - 1:4.
liqa mərhələsi, 1-ci tur
Omoniya (Cənubi Kipr) - Selta (İspaniya) 1:0
Balkovets, 88.
Selta: Radu, Nunyes (İqlesias, 78), Alonso, Xavi Rodriges, Starfelt, Karreyra, Bursio (Febas, 72), Roman, Duran (Alvares, 72), Cutqla (Qonsales, 56), Driueş (Svedberq, 56).
Milan (İtaliya) - Benfika (Portuqaliya) 0:2
Lukebakio, 16. Kaminski, 53.
Milan: Menyan, Pavloviç, De Vinter, Terraçano (Xila, 46), Musa, Yaşari (Rabyo, 73), Bartezaqi (Salemakers, 57), Çukvueze, Hatçinson (Pulişiç, 46), Sisse (Moreyra, 57), Ramuş.
Bayer-04 (Almaniya) - Selye (Sloveniya) 2:0
Seşlar, 15-öz qapısına. Medina, 74.
Bayer-04: Flekken, Medina, Tapsoba, Bade, Vaskes (Kuansa, 60), A.Qarsiya, Andrix, Diabi (Ben Segir, 80), Tilmann (Fernandes, 60), Terrye (Moreyra, 61), Şik (Kofane, 71).
Anderlext (Belçika) - Lion (Fransa) 1:2
Svetkoviç, 61 – Narti, 8. Nakamura, 22.
Lion: Deşam, Niakate (Talyafiko, 46), Mata, Uedraqo (Baxer, 46), Klyuvert, Morton (Bidstrup, 74), Narti (Tolisso, 74), Tessman, Nakamura, Budaş, Openda (Şults, 65).
Sanderlend (İngiltərə) - Alkmaar (Niderland) 1:0
Le Fe, 66-p.
Şturm (Avstriya) - Renn (Fransa) 0:0
Ararat-Armeniya (Ermənistan) - Sparta (Çexiya) 1:4
Bruno Uilson, 55 – Quddal, 20; 22. Merkado, 53. Vıdra, 73.
Hapoel (Beer-Şeva, İsrail) - Dinamo (Xorvatiya) 0:0
Olimpiakos (Yunanıstan) - Yagelloniya (Polşa) 2:1
Qonsales, 43. Yaremçuk, 84 – Şmıt, 20.
Levski (Bolqarıstan) - Zaltsburq (Avstriya) 0:1
Tabakoviç, 39.
OFİ (Yunanıstan) - Hoffenhaym (Almaniya) 2:0
Kantalapyerda, 30. Kanellopulos, 84.
Beşiktaş (Türkiyə) - Marsel (Fransa) 4:1
İlhan Fakili, 15. Çernı, 56. Murilyo, 59. Poku, 81 – Abdalla, 29.
Seltik (Şotlandiya) - Ferentsvaroş (Macarıstan) 1:3
Baur, 44 – Dele, 20. Zakariassen, 45+1. Arzani, 47.
Kristal Pelas (İngiltərə) - Lex (Polşa) 4:0
Pino, 10. Riçards, 27. Strann-Larsen, 34-p. Nketia, 89.
Yuventus (İtaliya) - Neymegen (Niderland) 5:0
Qonsales, 9. Alaybeqoviç, 24. Voltemade, 35-p. Zəki Çəlik, 75. Kolo Muani, 82.
Lillestrem (Norveç) - Torreense (Portuqaliya) 1:2
Olsen, 79 – Alfaro, 23. Poso, 49.
Viktoriya (Plzen, Çexiya) - Yunion (Belçika) 0:3
Mofokenq, 17. Biondik, 43. Kriçfaluşi, 59.
Real Sosyedad (İspaniya) - Bornmut (İngiltərə) 1:2
S.Qomes, 58 – Klyuvert, 11. Rayan, 20.
Növbəti turun oyunları oktyabrın 15-də keçiriləcək: Lion – Kristal Pelas, Zaltsburq – Milan, Yunion – Real Sosyedad, Lex – Bayer-04, Torreense – Sanderlend, Alkmaar - Hapoel (B-Ş), Sparta – Lillestrem, Selye – Omoniya, Ferentsvaroş - Viktoriya (Plzen), Selta – Yuventus, Hoffenhaym – Beşiktaş, Benfika – Seltik, Renn – OFİ, Yagelloniya - Ararat-Armeniya, Marsel – Olimpiakos, Bornmut – Şturm, Neymegen – Levski, Dinamo – Anderlext.
Təxminən 53 il gözlənilən qol vuruldu! - İCMAL
Reportaj






