Bilindiyi kimi, “kimyaçılar”ın əsas kapitanı Səbuhi Abdullazadə idi. Sadəcə, komandanın avqustun 16-da 1-ci turda “Neftçi”ni qəbul etdiyi matçda sarğı ilə meydana çıxan oyunçu futbolçuya yaraşmayan davranışa yol verdi. 74-cü dəqiqədə rəqibi, daha doğrusu, oyunun bərpasını ləngitməyə çalışan Breno Almeydanı itələyərək yerə yıxdı. Nəticədə baş hakim Kamal Umudlunun qəzəbinə düçar olan yarımmüdafiəçi qırmızı vərəqə ilə meydandan qovuldu. İş ondadı ki, meydanı tərk edən Səbuhi yenə dinc durmadı. O, bu dəfə stadion dəhlizinin şüşəsinə yumruq zərbəsi endirdi. Nəticədə parçalanan böyük şüşə parçası ayağına düşərək futbolçunu zədələdi.
Bir gün sonra “gənclik şəhəri”nin təmsilçisinin mətbuat xidməti kapitanın Bakıdakı özəl xəstəxanalardan birində əməliyyat olunduğunu, təxminən 5 ay sonra yaşıl meydana qayıda biləcəyini açıqladı. Ancaq bəla bununla da sovuşmadı. AFFA İntizam Komitəsinin həmin turu əhatə edən iclasında Səbuhiyə 5 oyunluq cəza verildi, klubu 3000 manat cərimə olundu. Düzdü, onsuz da zədəli olan futbolçu üçün cəza əhəmiyyətli rol oynamır. Yenə də Səbuhi hələ gənc ikən – 24 yaşında başına böyük bəla açdı. Odu ki, bu gün onun nəinki kapitan, hətta vitse-kapitan kimi belə siyahıda olmaması ağla bu sualları gətirir: Səbuhi Abdullazadə “Sumqayıt” üçün bitdimi? Bəlkə klub bu qərarlarla futbolçunun üstündən xətt çəkdiyinin mesajını verir?
Klubun bu mövzu ilə bağlı mövqeyini öyrənmək məqsədi ilə mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Sözü verək “Sumqayıt” rəsmisinə:
“Səbuhinin üstündən xətt çəkildi, bizim üçün silindi demək doğru olmaz. Ümumiyyətlə, insanlara bu cür yanaşma tərzini düzgün hesab etmirik. Səbuhi onsuz da uzun müddətə sıradan çıxıb. Br neçə ay oynaya bilməyəcək. Düzü, bu qərarda Səbuhiyə hansısa mesaj olub-olmadığını deyə bilmərəm. Açıqladığımız kimi, qərarı klub rəhbərliyi və məşqçilər heyəti verib”.
Zaur bəydən futbolçunun son durumunu da soruşduq. Həmkarımız Səbuhinin toparlanmağa başladığını, bəzən bazaya baş çəkdiyini, reabilitasiya prosesinin davam etdiyini və klubun fizioterapevtləri ilə birgə çalışdığını dedi.
Maraq üçün qeyd edək ki, “Sumqayıt”ın 3-cü turda “Qarabağ”a, 4-cü turda “Turan Tovuz”a qarşı oyunlarında Höccət Haqverdi, 5-ci turda “Şamaxı”ya qarşı görüşdə İsa Suliman əsas kapitan kimi meydana çıxıb. “Kimyaçılar”ın yetirməsi olan Səbuhi ilə bağlı durum isə hələ bulanıq görünür. Bu gün o dəqiqdi ki, yarımmüdafiəçi yol verdiyi səhv üzündən həm klub, həm də milli karyerasına ciddi zərbə vurdu və “Sumqayıt” ona “heç kim əvəzolunmaz deyil” prinsipi ilə yanaşaraq dərs verdi. Futbolçunun yaşananlardan düzgün nəticə çıxarıb-çıxarmayacağını isə zaman göstərəcək.
KƏNAN BAHADIR






