“Bununla bağlı əlavə və ətraflı məlumat verilməyəcək” – şüşəni sındıran əlavə cəza da alacaq?

18.08.2026 23:00 661
Aktual / Ölkə futbolu
Bildiyiniz kimi, ölkə çempionatının ilk turunda “Sumqayıt” evdə “Neftçi”yə 1:3 hesabıyla uduzdu. Məğlubiyyət azmış kimi, meydan sahiblərinin kapitanı Səbuhi Abdullazadə Breno Almeydaya qarşı təcavüzkar hərəkətə görə qovuldu, paltardəyişmə otağına gedəndə də dəhlizin qapısının şüşəsini əli ilə sındırdı. Nəticədə əlindən və ayağından xəsarət aldı.

Dünən Səbuhinin əməliyyat olunduğu və təxminən 5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Belə uzunmüddətli fasiləyə səbəb olan zədənin detallarını, həmçinin klubun futbolçuya əlavə cəza verib-verməyəcəyini dəqiqləşdirmək üçün “Football-plus.az” olaraq, “Sumqayıtın”un mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq:

“Səbuhi ilə bağlı verə biləcəyimiz maksimum cavab dünən klubun rəsmi sosial şəbəkə hesablarında yayılan açıqlamadı. Bununla bağlı əlavə və ətraflı məlumat verilməyəcək. Əməliyyatdan sonra onun təxminən 5 ay ərzində tam bərpa olunacağı, yenidən yaşıl meydana qayıdacağı gözlənilir. Klubdaxili cəzaya gəlincə, hazırda bu mövzu müzakirə olunmur. Gələcəkdə müzakirəyə çıxarılması mümkündü. Bununla bağlı hansısa qərar qəbul olunarsa, klub rəsmi açıqlama verəcək”.

İSRAYIL XEYRULLAYEV