"Hazırda yığmada orta xətdə oynamaq üçün futbolçu azdı" - Ağasəlim Mircavadov

18.09.2026 10:31 72
Ölkə futbolu / Manşet
Milli komandaların oyunları ilə bağlı futbol üzrə ölkə çempionatlarında yaranacaq fasiləyə sayılı günlər qaldı. Odu ki, artıq yığma ilə bağlı məsələlərə köklənmək olar.

Bilindiyi kimi, yığmamız sentyabrın 23-də yoldaşlıq oyunu çərçivəsində “Palms Sports Arena”da Tacikistan ilə qüvvəsini sınayacaq. Ardından Millətlər Liqasında keçiriləcək oyunlara növbə çatacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda sentyabrın 27-də Kaunasda Litvanın qonağı olacaq. Qalan iki matç isə Bakıda olacaq. Daha dəqiqi, milli oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyni, 4-də yenə də “Palms Sports Arena”da Litvanı sınağa çəkəcək.

Əlbəttə, bu matçlardan əvvəl yığmanın fiziki, psixoloji durumu maraq doğurur. Azı ona görə ki, taktiki plan, düşərgədə keçiriləcək hazırlıq prosesi qədər oyunçuların klublardan milliyə hansı əhval-ruhiyyə ilə təşrif buyuracağı da önəmlidi. Bəs indiki durumu necə dəyərləndirmək olar? Məlumdu ki, legioner həyatı yaşayan futbolçuların sayı artıb.  Belədə daha yaxşı nəticələrə ümid etmək mümkündümü? Yerli oyunçuların legioner limitinin ləğvi fonunda ölkədaxili yarışlarda şans qazanmaqda çətinlik çəkməsi qarşıdakı matçlara nə dərəcədə təsir göstərəcək?

Bu sualları təcrübəli məşqçi Ağadsəlim Mircavadova ünvanladıq. Onun cavabı ilə tanış olun:

"Milli üzvlərinin çoxu premyer-liqanın zəif komandalarında çıxış edir. Həmin komandalar autsayderlər sırasında qərarlaşıb. Yüksək pillələrdə olanların heyətində bir-iki milli üzvü var. Görünür, yenə həminki uşaqlar çağrılacaq. Litva yığmasının açıqlanan heyətinə baxdım. Dəvət alanların çoxu legioner həyatı yaşayır. Özü də İngiltərədə, İspaniyada, İsraildə oynayırlar. Düşünürəm ki, hazırda vəziyyət ürəkaçan deyil. Yerli futbolçular komandalarında daha çox şans qazanmalıdı. Bunun üçün də məsuliyyətli olmalı, milli üçün hazırlaşmalıdılar. Aparıcı klublarda çıxış edən futbolçular isə daha çox çalışmalıdılar. Çünki orda əsas heyət üzvü olmaq çətindi. Xoşbəxtlikdən legioner həyatı yaşayan futbolçularımız arasında uğurlu çıxış edənlər də var. Mahir Emrelinin, Vüsal İsgəndərlinin tez-tez qollar vurduğunu eşidirəm. Belə oyunçuların sayı çox olsaydı, lap yaxşı olardı. Çünki hazırda millidə orta xətdə oynamaq üçün futbolçu azdı. Bəli, Emin Mahmudova güvənmək olar. Ancaq onun da "Neftçi"də sona qədər eyni tempdə oynaya bilmədiyini görürük. Görünür, artıq buna gücü çatmır. Əsas məsələ də məhz orta xətdi. Bu mövqedə oynayan oyunçular legioner həyatı yaşamalı, təcrübələrini artırmalıdılar. Çatışmazlıqlara rəğmən, millimizə güvənirəm. Baş məşqçi Ayxan Abbasov işinə çox ciddi yanaşır. Əvvəlki mütəxəssislər Bakıdan kənara çıxmırdı. İndiki baş məşqçi isə yığmada ailə mühiti yaradıb. Başqa ölkələrdə oynayan futbolçuların yanına gedir, oyunlarını tribunadan izləyir. Belədə oyunçunun həm motivasiyası, həm də yığmada daha yaxşı oyun göstərmək istəyi artır. Belə yanaşma təqdirəlayiq addımdı. Ayxan Abbasovun təkcə özünü yox, köməkçilərini də ayrı-ayrı oyunlarda görürəm. Bütün futbolçuları nəzarətdə saxlayırlar, hər biri ilə maraqlanırlar. Bu səbəbdən millinin bundan sonra daha istəkli, daha cəsarətli, daha inamlı oynayacağını düşünürəm".

KƏNAN BAHADIR