Yəqin “Napoli”nin yeni mövsümün əvvəlində məğlubiyyətləri sıralamasının səbəblərindən birinin ciddi itki ilə bağlı olduğunu güman edirsiz. Zarafat deyil, Skott Maktominey bir müddət futboldan kənarda qalacaq.
"Football-plus.az" xəbər verir ki, komandanın aparıcı oyunçularından sayılan şotlandiyalının ürəyində problem aşkarlanıb.
Zəruri əməliyyat
Skott artıq yüngül xoşxassəli aritmiyalarla bağlı vəziyyəti düzəltmək üçün əməliyyat keçirib. Aritmiya ürəyin çox sürətli, çox yavaş və ya qeyri-sabit döyünməsidi. Klubun yaydığı məlumatda ablyasiya əməliyyatının uğurlu alındığı bildirilib. Maraq üçün qeyd edək ki, ablyasiya ürəyin anormal elektrik ritminin korreksiyasıdı. Bir neçə gün əvvəl futbolçunun əməliyyatdan sonra azı 6 həftə meydanda görünməyəcəyi bildirilmişdi. Yeni məlumata görə, Maktominey təxminən iki həftə istirahət etməlidi, bundan sonra fərdi proqram əsasında məşq prosesinə başlaya biləcək. Onun milli komandalar üçün nəzərdə tutulan, bu ayın sonunda başlayıb, oktyabrın əvvəlində başa çatacaq fasilədən sonra rəsmi oyunlarda iştirakı gözlənilir. Skott sosial şəbəkə hesabına “tezliklə görüşənədək, “Napoli”. Yoxluğum çox çəkməyəcək” cümlələrini yazmaqla azarkeşləri ümidləndirib.
O, belə problemlə üzləşən ilk oyunçu deyil
Skott ürək problemi ilə üzləşən fəaliyyətdə olan ilk futbolçu deyil. “Liverpul”un keçmiş yarımmüdafiəçisi Adam Lallana 16 yaşında aritmiya səbəbindən korreksiya əməliyyatı keçirib. Buna baxmayaraq, peşəkar karyerasında 500-dən artıq matçda meydana çıxıb. “Portsmut”un hücumçusu Kolbi Bişop ürək əməliyyatından sonra yaşıl meydandakı çıxışını davam etdirib, “Brayton”un və “Reyncers”in sabiq müdafiəçisi Konnor Qoldson isə böyümüş aorta kökü səbəbindən cərrahi müdaxiləyə məruz qalıb.
Kristian Eriksen, Deyli Blind və Tom Lokyer ürək ritmini davamlı olaraq izləyən və zərurət yarananda həyati təhlükəyə səbəb olan aritmiyaları (ventrikulyar taxikardiya və ya ventrikulyar fibrilyasiya) elektrik şoku ilə dərhal dayandıran implantasiya edilə bilən kardioverter-defibrillyatordan yararlandıqdan sonra meydana qayıdıblar.
1995-ci ildə aritmogen sağ mədəcik kardiomiopatiyası kimi tanınan diaqnoz qoyulmamış bir xəstəlikdən qaynaqlanan infarkt keçirən 16 yaşlı Con Marşallın ölümü əhəmiyyətli dönüş nöqtəsi oldu. O, ertəsi gün “Everton”la müqavilə imzamalıydı. Lakin faciə bütün futbolçuların həm ürəkdəki elektrik cərəyanını ölçən və anormal ritmləri aşkar edən elektrokardioqramdan (EKQ), həm də ürəyin quruluşu və funksiyasının real vaxt rejimində hərəkətli görüntülərini yaratmaq üçün ultrasəsdən istifadə edən exokardioqramdan keçməsi ilə nəticələndi.
Bir müddət əvvəl Böyük Britaniyada 14-35 yaşarası adamlar arasında aparılan müayinələrin nəticələri statistikaya əsasən, hər 300 nəfərdən birində ürək problemlərinin olduğunu göstərib. Təkcə EKQ-dən istifadə 85 faizədək aşkarlama nisbəti verir. Lakin bəzi tədqiqatlar xəstəliyin fəlakət baş verənə qədər heç bir simpton göstərmədiyi “səssiz qatillər” adlanan halların daha yüksək nisbətinə işarə vurur.
Maktominey niyə indi əməliyyat olundu?
29 yaşlı Skottun aritmiyasının genetik xəstəlik olduğu düşünülür. Bu diaqnoz ona ilk dəfə 2024-cü ildə “Napoli” ilə müqavilə bağlamazdan əvvəl qoyulub. Onda prosedura dərhal ehtiyac duyulmayıb. Lakin son testlər riskin yüksək olduğunu göstərib və təcili əməliyyat tövsiyə olunub. İndiki məqam cari mövsümün təqvimində daha az məşğul dövrdü və neapollular mavi formada keçirdiyi 82 oyunda 27 qol vuran futbolçunun oktyabrın əvvəlində sıraya dönəcəyinə ümid edirlər.
İtaliya futbolunda ürək problemləri ilə bağlı ciddi yazılı qaydalar mövcuddu. Avropanın bu cənub ölkəsində belə vəziyyətlərə xüsusilə həssas yanaşılır. Çünki “Peruca”nın sabiq oyunçusu Renato Kuri 1977-ci ildə “Yuventus”a qarşı keçirilən matçda, 2018-ci ildə isə “Fiorentina”nın kapitanı Davide Astori məhz ürəyindəki problemə görə yatdığı oteldə ölmüşdü. Onu da yada salaq ki, Kareci Universitetinin xəstəxanasının idman təbabəti şöbəsinin sabiq direktoru ilə Florensiya klubunun keçmiş məsləhətçisi məlum hadisələrə görə birillik şərti cəza almışdılar.
Məhz buna görə AÇ-2020 zamanı meydanda hüşunu itirən Kristian Eriksen ürəyinə defibrillyator qoyulduqdan sonra “İnter”in formasını geyə bilmədi. Yeri gəlmişkən, danimarkalı yarımmüdafiəçi yaxında oyun zamanı yenidən analoji vəziyyətə düşdü. Ürək xəstəliyi olan və ya əməliyyat olunmuş hər hansı bir oyunçu meydana çıxmazdan əvvəl A Seriyasının həkimləri tərəfindən hərtərəfli müayinədən keçməlidi.
Maktominey məşqlərdə tədricən formasını bərpa edəcək. Yaxından izlənəcək və yalnız həkimlər tam əmin olduqdan sonra futbolçu meydana qayıda biləcək. Əlbəttə, psixoloji məqam da vacibdi. Məsələn Camal Musialanın düşdüyü vəziyyətə də nəzər salaq. O, bu yay “Bavariya”nın mövsümə hazırlıq oyunlarında iki dəfə huşunu itirib. Camal karyerası hələ qabaqda olan gənc oyunçudu. Eriksenlə Maktominey isə artıq futbolçu həyatına son qoyacaqları gün haqda düşünə bilərlər, lakin Musialanın belə fikri yoxdu. Ancaq ortada reallıq var: Camal bundan sonra fəal şəkildə oynamaqdan qorxacaq. Əlbəttə, qorxacaq... Özünü qorumağın ən çox yayılmış yollarından biri sinəyə yatarkən və məşq edərkən ürək döyüntüsünü müntəzəm izləyən simsiz cihaz qoymaqdı. Texnologiya bu baxımdan bəşəriyyətə kömək edir, insanı real təhlükədən qoruyur.
Şotlandiya üçün böyük itki
Qeyd etdiyimiz kimi, bu mövsüm A seriyasında 2 oyun keçirən Skott milli komandasının Millətlər Liqasındakı qarşıdakı oyunlarını buraxacaq. Bu o deməkdi ki, Şotlandiyaya Sloveniya, İsveçrə və Şimali Makedoniya ilə keçiriləcək 4 oyunda kömək edə bilməyəcək. Əlbəttə, yeni baş məşqçi Sebastyan Pokonyoli yığmanın aparıcı oyunçusunun yoxluğunu mütləq hiss edəcək. Britaniya komandası bu yay keçirilən dünya çempionatında ümidləri doğrultmadı, amma Maktominey nəhəng turnirdən əvvəl ölkənin əsas yığmasının rəmzi sayılırdı. Təcrübəli futbolçu bir sıra reklam çarxlarında çəkilmişdi. Bu isə onun Şotlandiya futbolunun rəmzi olduğunu göstərir.
Yarımmüdafiəçi milli formada meydana çıxdığı 73 oyunda 15 qol vurub. Yığmada isə onun səviyyəsində olan ikinci hücumameyilli xavbek yoxdu. “Aston Villa”nın oyunçusu Con Makqinn Skottun yoxluğunu hiss etdirməməyə çalışacaq. Amma ortaya bu sual çıxır: bəs Makqinnin funksiyasını kim yerinə yetirəcək? Odu ki, Maktomineyin yoxluğu Şotlandiya üçün böyük itkidi.
Sondu bunu da vurğulayaq. Bu problem yalnız futbolçularla məhdudlaşmır, belə vəziyyətə istənilən peşənin sahibi düşə bilər. Başqa sözlə, hər kəs sağlamlığına diqqət yetirməlidi. Sizi heç nə narahat etməsə belə, müntəzəm həkim müayinəsindən keçin.
Maktomineyin karyerası təhlükə altındadı? - şotlandiyalı futbolçuda genetik ürək xəstəliyi var
Dünya futbolu





