Kamerun Futbol Federasiyasının (KFF) prezidenti Samuel Eto’O-ya qarşı şok ittiham irəli sürülüb.
Onunla bağlı “The Times” qəzeti xəbər yayıb.
Yaxın keçmişin məşhur futbolçusu Rusiya və Kamerun yığmaları arasında keçirilən yoldaşlıq görüşünə görə ödənilən vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama yol açan səbəb 2023-cü il oktyabrın 12-də Moskvada keçirilən Rusiya – Kamerun matçına görə ödənilən pulla bağlıdı.
Sənədlərə əsasən, Rusiya tərəfi 455056 və 112514 avro olmaqla iki ödəniş həyata keçirib. Ümumilikdə 567570 avro təşkil edən vəsaitin Eto’Onun Dohadakı “Qatar National Bank”da olan şəxsi hesabına köçürüldüyü iddia edilir. KFF-nin keçmiş rəhbərləri pulun sonradan hara yönəldildiyini bilmədiklərini deyiblər.
Federasiyanın İcraiyyə Komitəsinin sabiq üzvü Qibay Qatamanın sözlərinə görə, vəsaitin KFF-nin rəsmi hesabına köçürüldüyünü və ya qurumun maliyyə hesabatlarında əks olunduğunu təsdiqləyən hər hansı mühasibat və bank sənədi barədə məlumatı yoxdu.
Federasiyanın sabiq rəsmiləri bir ildən çox əvvəl FİFA-nın Etika Komitəsinə müraciət etdiklərini, lakin araşdırmanın nəticələri barədə indiyədək məlumat almadıqlarını da bildiriblər.
Eto’O və rəhbəri olduğu futbol qurumu isə “The Times”ın sorğularına cavab verməyib. Onun KFF-yə 2021-ci ildən rəhbərlik etdiyini xatırladaq.
Eto’O mənimsəmədə ittiham olunur
Dünya futbolu





