"Football-plus.az" xəbər verir ki, 56 yaşlı funksioner 2027-ci ilin martında keçiriləcək seçkidə namizədliyini irəli sürəcəyini bildirib:
“Əlbəttə, gələn il martın 18-də keçiriləcək seçkidə namizəd olacağam. Mənim proqramım və ya istəsəniz şüarım çox sadə, eyni zamanda çox aydındı: “Futbol bütün dünyada hər kəsə məxsusdu”. Bizim istədiyimiz budu. Mənim istədiyim budu. FİFA olaraq istəyirik ki, dünyanın hər yerində hər kəsin imkanları olsun. İstəyirik ki, dünyanın hər yerində hər kəs lazımi resurslara sahib olsun. Biz hər kəsə arzulamaq, iştirak etmək, oynamaq, inkişaf etmək, böyük oyunçularla başqaları arasındakı fərqi azaltmaq imkanı vermək istəyirik”.
Əslində İnfantino son vaxtlar dünyadakı nüfuzuna böyük ölçüdə xələl gətirib. Bilindiyi kimi, bir müddət əvvəl FİFA-nın dünya çempionatının yayın və kommersiya hüquqlarının satışı üçün “FIFA Forward Enterprise” (FFE) adlı yeni kommersiya strukturu yaratmağı planlaşdırdığı məlum olmuşdu. Lakin İnfantinonun ideyası regional futbol konfederasiyalarının kəskin reaksiyası və ciddi tənqidlərindən sonra baş tutmamışdı. Bundan sonra Avropa və dünyanın bir çox milli futbol federasiyaları İnfantinonun növbəti seçkidə namizədliyinə dəstəyini geri götürmüşdü.
Son həftələr dünya futbolunda İnfantinonun əleyhdarlarının sayı getdikcə artır. İtaliyadan sonra Fransa Futbol Federasiyası (FFF) da FİFA-nın hazırkı prezidentini dəstəkləməyəcəyini bəyan edib.
FFF-nin rəhbəri Filip Diallonun bu haqda bəyanatını diqqətinizə çatdırmışdıq. O, FİFA-nın yeni kommersiya strukturu yaratmaq təşəbbüsünün futbolun imicinə və birliyinə ciddi zərər vurduğunu bildirmişdi. Diallo məlum açıqlamasından sonra FİFA-nın rəhbərini daha çox narahat edəcək fikirlər də səsləndirib. İsveçrəli funksionerə dəstəyini geri götürən FFF növbəti prezident seçkisində ona alternativ namizəd irəli sürmək niyyətindədi. Prezident Diallo bu barədə “Foot Mercato”ya açıqlama verib. O, FİFA rəhbərliyinin futbolu idarəetmə formasından narazı olduqlarını bildirib:
“İcraiyyə Komitəsindəki həmkarlarımla birlikdə hesab edirik ki, Canni İnfantinoya göstərilən etimad itib. Futbolun hazırkı idarəçilik forması bizim baxışlarımıza uyğun deyil. UEFA daxilində insanları birləşdirə biləcək legitim layihənin hazırlanmasına töhfə vermək üçün məsləhətləşmələrə başlamaq qərarına gəlmişik. Vaxtı çatanda növbəti seçkidə maraqlarımızı təmsil edəcək namizəd müəyyənləşdiriləcək”.
FFF alternativ proqram hazırlamaq üçün Fransa və digər ölkələrdən idman idarəçiliyi üzrə mütəxəssislərlə məsləhətləşmələr aparmağı planlaşdırır. Məqsəd İnfantinonun yenidən seçilməsinə qarşı çıxacaq namizəd ətrafında tərəfdarları birləşdirməkdi.
Mövcud vəziyyət isə hazırkı prezidentin xeyrinədi. Hələ ki, FİFA-nın prezidenti olmaq istəyən ikinci şəxs ortaya çıxmayıb. “Röyters” agentliyinin məlumatına görə, İnfantino gələnilki seçkidə postunu qorumaq üçün yetərincə səs toplaya bilər. Namizədliklər noyabrın 18-nə qədər rəsmən irəli sürülməlidi. Mənbənin xəbərinə görə, İnfantinonun rəqibləri hazırda strategiya dəyişikliyini nəzərdən keçirirlər, çünki hələlik əhəmiyyətli dəstək qazana biləcək heç bir rəqib yoxdu. Məlumatda qeyd olunur ki, bir neçə həftə əvvəl yüksək vəzifəli futbol rəsmiləri hazırkı prezidentin mövqeyini ümidsiz hesab etsələr də, o vaxtdan bəri vəziyyət isveçrəlinin xeyrinə kəskin şəkildə dəyişib.
Milliyyətcə italyan olan İnfantino 1970-ci ildə İsveçrədə doğulub. O, 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA-nın 9-cu prezidenti seçilib. Sonra iki dəfə rəqibsiz yenidən bu vəzifədəki fəaliyyətini davam etdirmək hüququ qazanıb.
Daha əvvəl UEFA-da işləyən təcrübəli funksionerlə bağlı yayılan bu məlumat da cəlbedicidi. “Röyters” agentliyinin qeyri-kommersiya təşkilatı olan “FairSquare”a istinadla yaydığı məlumata görə, artıq 100 mindən çox şəxs İnfantinoya qarşı araşdırma aparılmasını tələb edən petisiya imzalayıb.
Xatırladaq ki, “FairSquare” avqustda FİFA-nın İdaəetmə, Audit və Qaydalara Uyğunluq Komitəsinə məktub ünvanlayaraq İnfantinonun yenidən seçilmək hüququnun olmadığının elan edilməsini tələb etmişdi. Təşkilat bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsinə (BOK) sorğu göndərərək iddia etmişdi ki, FİFA-nın rəhbəri 2020-ci ildə BOK-un Lozannadakı qərargahında kommersiya və siyasi maraqlardan asılı olmayaraq fəaliyyət göstərəcəyini bəyan etməklə verdiyi andı pozub. Lakin BOK şikayəti nəzərdən keçirməyi lazım bilməmişdi.





