Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda “Mançester Yunayted”in qonağı olan “Sabah” möcüzə yarada bilmədi. Düzdü, “bayquşlar” müdafiə olunmağa köklənmədi, 70 mindən çox rəqib azarkeşinin önündə hücumlar qurdu, topu tora qovuşdurmağa cəhd göstərdi, ümumiyyətlə, baxımlı oyunla yadda qalmağa çalışdı. Əlbəttə, söhbət İngiltərə premyer-liqasının təmsilçisindən gedirsə, belə oyun tərzi böyük riskdi və sevindirici haldı ki, Valdas Dambrauskasın komandası qorxaqlıq yox, cəsarət nümayiş etdirdi. Hətta bəxt bizimkilərdən yana, təcrübə bir qədər artıq olsaydı, “qırmızı şeytanlar”ın qapısına yol tapmaq da mümkün idi. Axı qonaqlar bir neçə təhlükəli hücum qurmağa müvəffəq oldu.
Hər halda, Mançesterdəki oyun da, elə o 0:4 də geridə qaldı. Bu o deməkdi ki, səhvlərdən dərs çıxarmaq, qarşıdan gələn sınaqlara daha yaxşı hazırlaşmaq vaxtıdı. Çünki bu gün futbol ictimaiyyətinin gözü “Sabah”ın üzərindədi və bu günə qədər “Qarabağ”ın bir neçə uğurunu təkrarlayan “bayquşlar”dan liqa mərhələsində mümkün qədər çox xal toplamaq gözlənilir. Bəs, bu, necə mümkün ola bilər? Öz aramızdı, rəqiblərin kimliyi göz önündədi və “köhlən atlar”ın topladığı xal sayına – 10-a çatmaq Dambrauskasın komandası üçün mümkünsüzdü. Odu ki, ilkin hədəf autsayderlər sırasında qərarlaşmamaq, ən mötəbər beynəlxalq klub turnirini imkan daxilində üzüağ başa vurmaq olmalıdı. Bu baxımdan, “bayquşlar”ın növbəti sınağı yetərincə əlverişlidi. Çünki onlar 2-ci turda Bakı Olimpiya Stadionunda Çexiya “Slaviya”sını qəbul edəcək. Etiraf edək ki, praqalılar təmsilçimizin xal və ya xallar qopara biləcəyi iki rəqibdən biridi. “Sabah” məhz oktyabrın 13-də keçiriləcək qarşılaşmada 70 minə yaxın azarkeşin də dəstəyi ilə - böyük ümidlərlə proqnozlaşdırırıq ki, yerli futbolsevərlər “bayquşlar”ın uğura imza atmaq ehtimalının böyüklüyünü nəzərə alacaq və bu işdə pay sahibi olmaq üçün əlindən gələni əsirgəməyəcək – qonaqlara qalib gəlməli, liqa mərhələsində tarixinin ilk xallarını qazanmalıdı. Heç şübhəsiz, komanda belə uğur üçün “boyundan xeyli yuxarı tullanmağa” məcburdu. Azı ona görə ki, 1-ci turda evdə Fransa “Lans”ına uduzan “Slaviya” (2:3) Bakıda da uğursuz olmaq istəməyəcək. Üstəlik rəqibin həm heyət, həm büdcə, həm də avrokubok təcrübəsi baxımından “bayquşlar”ı qabaqladığı dəqiqdi. İstənilən halda, “Sabah” oktyabrın 13-də, saat 20.45-dən başlayaraq BOS-da xarüqələr yaratmalıdı!
Azərbaycan çempionunun növbəti xal və ya xallar ala biləcəyi rəqibi isə “Vikinq”di. Norveç təmsilçisinə qarşı matç noyabrın 5-də səfərdə olacaq. Bakı vaxtı ilə saat 00.00-da start götürəcək görüş 15900 yerlik, süni örtüklü “Lyse Arena”da keçiriləcək. Düzdü, “Vikinq” də bu mərhələdə tarixində ilk dəfə çıxış edir. Özü də komanda mühüm uğura Zaqreb “Dinamo”su kimi ciddi rəqibi mübarizədən kənarlaşdırmaqla imza atıb. Bununla belə, Norveç təmsilçisinin illik büdcəsi 17-20 milyon avro aralığındadı. Yenə də norveçliləri gözümüzdə çox böyüdə bilmərik. Çünki “Vikinq” zəngin tarixə malik olsa da, son illərdə avrokuboklarda irəliləyə bilməyib. Komanda məhz son illərdə Norveçin aparıcı klubları “Molde” və “Bude/Qlimt” ilə ayaqlaşmağa başlayıb. Kəsəsi, “Sabah” bir çox komponentdə “Vikinq”dən geridə olsa da, səfərdə istədiyini ala bilər. O başqa məsələ ki, burda təkcə kağız üzərindəki göstəricilər yox, klubların cari durumu, oyunlarının təqvimi, komandadakı əhval-ruhiyyə və bu cür bir çox önəmli məqamlar daha böyük rol oynayacaq.
Kəsəsi, “Sabah” liqa mərhələsini biabırçı nəticələrlə davam etdirmək və bu cür başa vurmaq istəmirsə, 4-cü səbətdən bəxtinə düşən komandalarla oyunlarda bütün gücünü sərf etməklə 6 xal qazanmalıdı. Yalnız belədə Dortmund “Borussiya”sı, “Barselona”, “Vilyarreal”, “Napoli” və “Arsenal” ilə qarşılaşmalarda qeydə alınacaq mümkün uğursuzluqlar əfv edilə, hətta böyükhesablı məğlubiyyətlər belə görməzdən gəlinə, mərhum şair Bəxtiyar Vahabzadə kimi “ilk əlin günahı yoxdu, əzizim” deyilə bilər. Daha önəmlisi isə həmin rəqiblərdən də xal almağa çalışmaqdı. Əlbəttə, bunun üçün müdafiə planına daha çox vaxt ayırmaq, onsuz da kəsərli olan hücumlarda bitiricilik keyfiyyətini artırmaq lazımdı. Bax bu, əsl möcüzə olar və yalnız həmin uğurlardan sonra “bayquşlar”ın liqa mərhələsini ilk “24-lük”də bitirmək şansı haqda ətraflı müzakirələr başlanar.
Odu ki, qarşıda bizi çox maraqlı sualların cavabları gözləyir: “Sabah” həm premyer-liqada, həm də Çempionlar Liqasının liqa mərhələsində uğur qazana biləcəkmi? Valdas Dambrauskas Avropa nəhənglərindən xallar qoparmağın yolunu kəşf edəcəkmi? Bizi bura qədər yaxşı mənada təəccübləndirən “Sabah” sonadək tempi qoruyub-saxlayacaqmı? Ən əsası, “Sabah” liqa mərhələsini ilk “24-lük”də tamamlaya biləcəkmi? Sözü zamana veririk...
KƏNAN BAHADIR
“Slaviya” ilə “Vikinq”i yıxmaq, qalanlarını büdrətmək lazımdı! - “Sabah”ın Çempionlar Liqası yolu
Avrokuboklar / Manşet





