"Sabah"ın Çempionlar Liqasının liqa mərhələsində mübarizəyə böyükhesablı məğlubiyyətlə başladığından xəbərdarsız. Belə ki, "bayquşlar" "Mançester Yunayted"in meydanında 4 cavabsız qol buraxdı. Ancaq bu oyunla bağlı maraqlı məqamlar da var.
Xəbər verdiyimiz kimi, təmsilçimiz 73685 azarkeş önündə top qovdu. "Sabah" bununla Azərbaycan tarixində avrokuboklarda ən çox tamaşaçı qarşısında oyun keçirən komanda oldu. Həmçinin "Sabah"ın start heyətində 11 fərqli millətdən olan futbolçu var idi ki, belə hala Çempionlar Liqasının tarixində ilk dəfə rast gəlindi.
Digər maraqlı məqam isə "bayquşlar"ı "Old Trafford"da 550 azarkeşin dəstəkləməsidi. Düzdü, bu rəqəm 75635 yerlik stadion üçün kiçikdi. Üstəlik, onların sayı 4-5 min ola bilərdi. İş ondadı ki, komandalarımız səfər oyunlarında, adətən, daha az tərəfdardan dəstək alır. "Bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun "Football-plus.az"a verdiyi məlumata görə, həmin şəxslər "Sabah"ın İngiltərədə yaşayan azarkeşləri imiş.
Kollektiv üçün Mançester səfəri hələ ilk sınaq idi. Komanda noyabrın 5-də İsveçdə "Vikinq"in, dekabrın 8-də İspaniyada "Vilyarreal"ın, yanvarın 27-də yenidən İngiltərədə, ancaq bu dəfə "Arsenal"ın qonağı olacaq. Ümid edək ki, "bayquşlar" həmin matçlarda tribunada daha çox azarkeşdən dəstək alacaq.
KƏNAN BAHADIR
"Sabah"ı Mançesterdə tək qoymayanlar kim idi? - daha çoxuna ehtiyac var!
Avrokuboklar






