"Bayquşlar”ın rəqiblərindən altısı “böyük beşlik” təmsilçisidi. Artıq “Opta” amalitik statistika portalı da bu məsələyə toxunaraq yazıb ki, ən çətin təqvim məhz “Sabah”ın bəxtinə düşüb.
Həqiqətən belədi? “Bayquşlar” bu oyunlarda ən yaxşı halda neçə xal toplaya bilər?
Bu suallarla “İdman” TV-də çalışan, “böyük beşlik” ölkələrinin futboluna bələd olan Tərlan Şahinoğluna müraciət etdik:
“Bəli, təəssüf ki, püşkatmada ən ağır oyun təqvimi bəlkə də “Sabah”ın bəxtinə düşdü. Klublarımız üçün uğursuz sayılan iki İngiltərə səfəri var. Bundan əlavə, “Barselona” kimi İspaniya nəhəngini paytaxtımızda qəbul edəcəyik. Bu azmış kimi, Dortmund “Borussiya”sı ilə “Napoli” də Bakıya gələcəklər. Açığı, mövcud təqvimdə “dişimizə görə” üç rəqib görürəm. Bunlar ötən mövsümü Çempionlar Liqasında bərbad keçirən “Vilyarreal” və səviyyəcə nisbətən aşağı sayılan “Slaviya” ilə “Vikinq”di. Çexiya təmsilçisi ilə evdə oynamağımızı əlavə üstünlük sayıram. Lakin Skandinaviya təmsilçisi ilə noyabrda Norveçdə qarşılaşacağıq. Ümid edirəm ki, hava şəraiti “Sabah”ın futbolçularına əlavə çətinlik yaratmayacaq. Fikrimcə, “bayquşlar” 8 oyunda ən azı 5, futbol bəxti də gətirərsə, əlavə 2 xal da toplaya bilərlər. Yəni təmsilçimizin maksimum 7 xal qazanacağını düşünürəm və bu çempion debütantımız üçün əla nəticə sayılacaq. “Vilyarreal”dan İspaniyada xal almaq mümkündü. Düşünürəm ki, “Slaviya”ya evdə qalib gələ bilərik. “Vikinq” səfərindən də ən pis halda heç-heçə ilə qayıdacağımıza inanıram. İstənilən halda, Valdas Dambrauskasın komandasını təbrik edirəm. 9 yaşlı klubun Çempionlar Liqasına vəsiqə qazanması özü-özlüyündə artıq böyük uğurdu”.
Maraq üçün qeyd edək ki, Tərlan bəy “Mançester Yunayted” azarkeşidi. Bu üzdən ondan həmin oyunu şərh etmək istəyib-istəmədiyini də soruşduq:
“Həmin oyunu mən şərh etməyəcəm. Bu dəqiqdi. İcazənizlə, sualınızı cavabsız qoymaq istəyirəm” (gülür)”.
Xatırladaq ki, liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Yarışı 25-36-cı yerdə tamamlayan komandalar isə çıxışını başa vuracaq.
KƏNAN BAHADIR






