Belə görünür, ''Trabzonspor'' yeni baş məşqçi ilə bağlı qərarını verib. Fatih Təkkə ilə yolların ayrılmasının ardından Hüseyin Çimşir ilə çıxdığı iki qarşılaşmadan bir qələbə, bir məğlubiyyətlə ayrılan Trabzon təmsilçisi üstünlüyü Tomas Raysa verib.
Əslində ''bordo-mavililər'' Antonio Konte və Xosep Qvardiola kimi ünlü mütəxəssislərlə anlaşa bilmədikdən sonra Stefano Pyoliyə rəsmi təklif irəli sürdülər. Ancaq ''2+1'' illik müqavilə tələb edən italiyalı mütəxəssis ilə şərtlərdə və maaş məsələsində razılığa gəlmək mümkün olmadı. Hadisələrin bu cür axarından sonra rəhbərlik diqqətini Tomas Raysa yönəltdi. Almaniyalı mütəxəssis ilə danışıqlar uğurlu məcrada keçdi. Ancaq problem ondadı ki, Rays hazırda Bolqarıstan nəhəngi ''Ludoqorets''i çalışdırır. Bu klub bu məşqçi ilə vidalaşmağa hazır olsa da, əvəzində təzminat tələb edir.
''Trabzonspor''un Raysa üstünlük verməsinin əsas səbəbi bu məşqçinin həm Türkiyə futbolunu, həm də Qara dəniz bölgəsini yaxşı tanımasıdı. 53 yaşlı çalışdırıcı Türkiyədə daha öncə ''Samsunspor''u çalışdırmış, nəticələri ilə diqqət çəkmiş və bu klubu uzun illərdən sonra ilk dəfə avrokuboklara daşımışdı.
2024-dən ''ağ-qırmızılar''ı çalışdıran Rays bu klubda 72 rəsmi oyunda 33 qələbə, 18 heç-heçə, 21 məğlubiyyət göstəricilərini yaxaladı. Bu mövsüm ''Ludoqorets'' Rays ilə 11 rəsmi oyundan 7 qələbə, 3 bərabərlik, 1 məğlubiyyətlə ayrılıb.
Bu təyinatın bu həftənin sonuna qədər baş tutacağı və Raysın Türkiyədə ikinci macərasının başlayacağı güman olunur.
''Trabzonspor'' yeni məşqçisini seçdi
Dünya futbolu






