81-ci dəqiqədə hesab 2:1 qonaqların xeyrinə olarkən “Turan Tovuz”un qapısı qarşısında təhlükəli vəziyyət yaşanıb. Topla rəqibin cərimə meydançasına daxil olan Muhammed Mara “bozqurdlar”ın qapıçısı Aleksey Kenyaykinlə top uğrunda mübarizə zamanı yerdə qalıb. Epizod zamanı qolkiperin futbolçu ilə hansısa təması olmasa da, baş hakim Elçin Məsiyev hadisəni təxminən 5 dəqiqə VAR monitorunda izləyib. Nəticədə “Turan Tovuz”un qapısına penalti təyin olunub və naxçıvanlılar məğlubiyyətdən qurtulub.
Matçdan sonra “Turan Tovuz” rəsmi hesablarında bəyanat yayaraq azarkeşlərinə müraciət edib, komandanın məruz qaldığı ədalətsiz qərarlara qarşı birgə mübarizəyə səsləyib.
Bəs azarkeşlər bu yolda komandaya necə dəstək verəcək? “Football-plus.az” “bozqurdlar”ın fanklublarından “The Hunans”ın İdarə Heyətinin üzvü Nicat Cəfərzadəyə müraciət edib:
“Son oyunlarda “Turan Tovuz”un əleyhinə verilən mübahisəli hakim qərarlarının artıq ciddi narahatlıq yaratdığını bildirmək istəyirik. Bu, təkcə bizim qrupda yox, bütün “Turan Tovuz” azarkeşlərində ciddi narahatlıq yaradır. Bu tip səhvlər artıq təsadüfi yox, qərəzli qərarlara bənzəyir. Klubun bəyanatı ilə tanışıq, müstəqil azarkeş qrupu kimi bu məsələdə komandanın mövqeyini dəstəkləyirik. Söhbət “Turan Tovuz”un haqqından və futbolçuların əməyindən gedəndə kənarda qala bilmərik. Azarkeş qrupu olaraq, klubumuzu haqlı olduğu məsələlərdə həm tribunada, həm də digər platformalarda dəstəkləməyə davam edəcəyik”.
İSRAYIL XEYRULLAYEV





