Obameyanq 37 yaşında da parlayır - qabonlu heç vaxt yetərincə dəyərləndirilməyib

13.09.2026 13:43 0
Dünya futbolu
25 il əvvəl “Deportivo” İspaniya futbolunun flaqmanlarından biri idi. Komanda çempion oldu, iki dəfə “gümüş” qazandı, iki dəfə Superkuboku, bir dəfə kuboku qazandı, Çempionlar Liqasında həlledici mərhələlərə (2003/4 mövsümündə yarımfinala) qədər irəlilədi. Klub tarixinin bütün mükafatları, əsas uğurları həmin qızıl zaman kəsiyinə sığdı.

Yaxşü günlər arxada qalandan sonra “Depor” elita ilə sequnda arasında var-gəl etdi, ardından hətta 3-cü diviziona düşdü. 2026-cı ildə La-Korunya komandası son 8 ildə ilk dəfə elitada göründü. Artıq Roy Makay, Pauleta, Xuan Valeron, Lionel Skaloni və ya Calminya yoxdu. Əvəzində parlaq transfer kampaniyası sayəsində başqa ulduzlar var: Adama Traore, Mark Kasado, Xose Mariya Ximenes, Anxelinyo. Klub əsas transferi hücumun mərkəzinə edib.

Payızın əvvəlində La Liqanın saytında avqustun ən yaxşı futbolçusu üçün mükafata namizədlərin siyahısı yer aldı. Həmin siyahıya ənənəvi şəkildə, məsələn, Cud Bellingemlə Rafinya düşdü. Ancaq bunlara xüsusi diqqət yetirməyək. “Deportivo” ilk üç turda heç kimə uduzmadı və 5 qol vurdu. Bunlardan üçü yaşa fikir verməyən 37 yaşlı Pyer-Emerik Obameyanqın hesabındadı.

Çatışmazlıqlar
Qabonlu geniş mənada yetərincə dəyərləndirilməyən futbolçu kimi görünür. Yəqin ki, bunun da izahı var. Bəli, onun komanda titulları yoxdu, bir dəfə də çempion olmayıb, Fransa, Almaniya və İngiltərədə kuboklar və Superkuboklar ilə kifayətlənib. Karyerasının zirvə dönəmi Kloppun “Borussiya”sına və ya Artetanın “Arsenal”ına təsadüf etməyib. Eyni səbəbdən Obameyanq Çempionlar Liqasında da bir elə parlamayıb – yalnız 46 oyun, 20 qol, heç yarımfinal üzü də görməyib.

Normal orta məhsuldarlığa baxmayaraq, afrikalı, demək olar ki, heç vaxt klublarının Avropanın əsas turnirindəki uğurlarına önəmli töhfə verməyib. Çünki heç uğurlar da olmayıb. Pyer-Emerik həmin komandaların yüksək səviyyəsinə uyğun olub, ancaq həmin səviyyəni aşmayıb. Müntəzəm qalmaqalların və münaqişələrin də ortasında olub. Bəzən öz iradəsi ilə olmasa da, tendensiya ortadadı. 2021-ci ildə hücumçu xəstə anasına baş çəkmək üçün “Arsenal”ın düşərgəsini tərk etdi və vaxtında qayıtmadığına görə Mikel Arteta ilə sözləşdi. Baş məşqçi ardından qabonlunu kapitan sarğısından məhrum etdi, intizamı əsas gətirib, heç meydana da buraxmadı.

2022-nin yayında Obameyanq Barselonada qorxunc qarət yaşadı – cinayətkarlar evdən 700 min avroluq əşya apardı, ailəsini müdafiə etməyə çalışan futbolçunun çənəsini qırdı. Kataloniyalılara həmin vaxt kimisə satmaq lazım idi, odu ki, forvardın “Çelsi”yə transferi hamını razı saldı. Qısamüddətli London dönəmi heyətdən uzaqlaşdırılma və tərəflərin hər birinin total məyusluğu ilə nəticələndi.
Qabon yığması 2026-cı ilin yanvarında Afrika Kubokunda fiasko yaşadı, hökumət milli komandanın fəaliyyətini dayandırdı, Pyer-Emeriki əsas günahkar sayaraq yığmadan uzaqlaşdırdı. Bir neçə həftədən sonra cəza tədbirləri yüngülləşdirilsə də, hücumçu bir daha ölkəsini təmsil etməkdən boyun qaçırdı:

“Onlar məni alçaltdılar və imicimə ləkə yaxdılar, hərçənd Afrika Kubokunda zədəli halda oynamışdım. Bu, sonuncu damla idi, burda dayanmağa üstünlük verirəm”.

Bir qədər əvvəl, mayda “Marsel” futbolçularının nəhəng məclisi haqda mediada məlumat yayıldı – idmançılar əyləncə təşkil etdilər, bazanı dağıtdılar, otaqların altını üstünə çevirdilər, rəhbərliyin otağındakı yanğınsöndürən balonlardan birini boşaltdılar. Həmin təntənənin təşkilatçısı Obameyanq idi. O vaxt çempionatda qələbəyə həsrət qalan klub afrikalını 1 oyunluq diskvalifikasiya etdi.

Dahilik əlamətləri
Titulların azlığı, Çempionlar Liqasında o qədər də uğurlu olmayan yol, müntəzəm hadisələr və münaqişələr. Bir sözlə, bu nəslin ən yaxşı hücumçularının adını çəkmək lazım gələndə bir sıra tutarlı amillər üzündən Obameyanqın soyadı adamın ağlına gəlmir. Belədə ondan əvvəl 5-10 futbolçu yada düşür. Və bu məqamda tərəzinin o biri gözündə olan, heç də yüngül gəlməyən dəlillərə müraciət etmək lazımdı.

Söhbət müasir futbolun ən yaxşı bombardirlərindən birindən gedir. Qabonlu ulduz karyerası boyunca 400-dən artıq qol vurub. Yəqin ki, karyerasının sonuna qədər Tyerri Anri, Serxio Aquero, Samuel Eto’O, Raul kimi ulduzları arxada qoyacaq. Bu şəxslərin ulduz, əfsanə statusuna heç kimin şübhəsi yoxdu. Pyer-Emerik üçün isə qapıçıları hansı şəraitdə məyus etməyin heç bir fərqi yoxdu. Favorit və ya autsayder statusunda, hücumun mərkəzindən və ya cinahdan, “Barsa”nın, “Borussiya”nın və ya “Sent-Etyen”lə “Marsel”in heyətində. İstənilən mövqedən qaçır, açılır, zərbə vurur.

Pyer-Emerikin şəxsi mükafatlarının sayı çoxdu. Premyer-liqanın və bundesliqanın “Qızıl buts”u, Afrikada ilin oyunçusu, Avropa Liqası tarixinin bombardiri. İkinci dərəcəli avrokubok turniri şəxsi planda forvard üçün yaddaqalan olub: 62 oyuna 40 məhsuldar hərəkət.

Obameyanq son 15 ildə yalnız bir mövsümdə çempionatda 10 qol həddinə çatmayıb. Söhbət məhz “Barselona”da və “Çelsi”də hədsiz az meydana çıxdığı turbulent dönəmdən gedir.

Obameyanq soyadı artıq qola təminat verir. Hə, bir də uzunömürlülük var. Xatırladaq ki, Obameyanqın 37 yaşı var. İki il əvvəl – “Marsel”dəki möhtəşəm mövsümün (bütün turnirlərdə 30 qol, 11 məhsuldar ötürmə) ardından Səudiyyə Ərəbistanına yollananda çoxlarına elə gəldi ki, Pyer-Emerik üçün böyük futbol bitd. Amma o, “Əl-Kadisiya”da Avropa səviyyəsi göstərdi, 17 qol, 8 ötürmə ilə yadda qaldı və dərhal “Marsel”ə qayıtdı. Görünür, Avropa futbolunda hələ son sözünü demədiyini hiss etdi. Dönüş uğurlu oldu, sonda komandadan uzaqlaşdırılmağa gətirib çıxarsa da. Hər halda, Liqa 1-də yenə də 10 qolunu vurdu.

Və indi də “Deportivo”. İspaniyalılar 500 min avroya təcrübəli lideri, komandanın sütunu ola biləcək futbolçunu aldı. Vaxtilə ölkə futbolunda dəbi müəyyənləşdirən La-Korunya klubu zirzəmidən zirvəyə aparan yolu qabonlu ilə birgə getmək istəyir. “Depor” mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanarsa, yaxşı olar. Axı həmin turnir qabonlunun oylağıdı.