“Turan Tovuz”la “Kəpəz”in stadionlarında görülən işlərin yekunlaşması iki bölgə təmsilçisinin ev oyunlarını keçirmək üçün qüsursuz şərait yaradıb. Artıq həm Tovuzda, həm də Gəncədə minlərlə futbolsevər tribunalara təşrif buyurur, sevimli komandalarını dəstəkləyirlər. Böyük ehtimalla, mövsümün sonunda məhz bu komandaları ən çox tamaşaçı toplayanlar siyahısının zirvəsində görəcəyik. “Qarabağ” və “Şamaxı” ilə bağlı durum da hər kəsə aydındı. Ağdam təmsilçisi yaxın gələcəkdə ev oyunlarını “İmarət” stadionunda keçirəcək. “Şirlər” uzun müddətdi şamaxılı futbolsevərlərin doğma məkanında çıxış edir. “Araz-Naxçıvan”la “İmişli”nin ev oyunlarını təmsil etdiyi bölgələrdə keçirməməsi isə premyer-liqanın yaralı yeri olmaqda davam edir.
Bu klublar həmin səbəbdən vaxtaşırı tənqid eşidir, təzyiqin artdığı dönəmlərdə müəyyən açıqlamalar verilir və ardından nəyisə dəyişmədən yollarına davam edirlər. Bu yaxınlarda AFFA və PFL-in də məsələ ilə bağlı mövqeyi ortaya çıxıb. Bildirilib ki, nə “Araz-Naxçıvan”ın, nə də “İmişli”nin ev oyunlarını təmsil etdiyi yerlərdə keçirməsi vacib deyil...
Bəli, premyer-liqanın Əsasnaməsinə görə, sifariş edilən stadion elita standartlarına uyğundusa, harda yerləşməsinin əhəmiyyəti yoxdu. Adı çəkilən klublar da məhz bu boşluqdan istifadə edir. Ancaq futbol yalnız kağız üzərində yazılanlarla idarə oluna bilməz. Azı ona görə ki, klublar yalnız öz mənafeyini düşünməməli, təkcə qazanc mənbəyi məqsədi ilə yox, həm də azarkeşlərinə xidmət üçün fəaliyyətdə olmalıdılar. Bu üzdən, adı çəkilən komandaların müvafiq olaraq, Naxçıvanda və İmişlidə oynamalı olduqlarının vacibliyini əsaslandırmaq qərarına gəldik. Buyurun, bizim üçün həddən artıq önəmli olan məqamlar bunlardı.
Azarkeş dəstəyi... PFL-in ötən mövsümün sonunda açıqladığı statistikaya əsasən, 2025/26 “futbol ili”ndə stadionlara ən az tamaşaçı toplayan komandalar “Araz-Naxçıvan”la “İmişli”di. Daha dəqiqi, “qırmızı-ağlar”ın hər ev oyununa orta hesabla 219, “pələnglər”in oyunlarına isə 485 tamaşaçı gəlib. Heç şübhəsiz, bu komandalar sözün əsl mənasında “doğma divarlar” arasında oynasa, bu say azı 5 min ola bilər. Axı məhz “İmişli”nin 1-ci liqada təmsil etdiyi bölgədə keçirdiyi matçlara 3-4 min tərəfdar təşrif buyurur, klub bilet satışından böyük qazanc əldə edirdi. Hələ onu demirik ki, evdə oynamaq həm də ciddi məsuliyyət və motivasiya deməkdi.
Bölgə futbolunun inkişafı... Hazırda premyer-liqada mübarizə aparan 12 komandadan 7-si bölgə təmsilçisidi. Başqa sözlə, ötənlərin məşhur “Bakı çempionatı” ifadəsi tarixə qovuşmaqdadı. Əlbəttə, bu uğurda payı olan AFFA və PFL təşəkkürü haqq edir. Ancaq işi sona qədər görmək daha yaxşı olmazmı? Bu gün “Şamaxı”, “Turan Tovuz”, “Kəpəz” və “Qəbələ” doğma azarkeşlərinin önündə meydana çıxır və onları sevindirməyə çalışır. Bu bölgələrdə infrastruktur inkişaf edir, futbolun populyarlığı artır. Nəyi pisdi?
Klubun əsl kimliyi... Təbii ki, ən əsas məsələlərdən biri də məhz budu. Bir tərəfdə əvvəllər Bakıda, ardından Qəbələdə, bundan sonra isə Şamaxıda oynayacaq “Araz-Naxçıvan”, digər tərəfdə Qubada, ardından Yevlaxda məskunlaşan “İmişli”. Necə deyərlər, həm gülməli, həm də ağlamalı vəziyyətdi. Belə durumda futbolumuzda Naxçıvanın və ya İmişlinin ruhu yalnız klubların loqolarında hiss oluna bilər ki, belədə nə “Araz-Naxçıvan”ın, nə də “İmişli”nin həmin elementlərə verdiyi dəyər səmimi görünmür!
İndi bir daha düşünün cənablar, klubların təmsil etdiyi bölgələrdə oynaması vacibdi, ya yox?!
KƏNAN BAHADIR
“Araz-Naxçıvan”la “İmişli”nin Əsasnamə hoqqası... - evli evinə, qərib də yurduna!
Ölkə futbolu / Manşet






