“Liverpul”la qarşılaşmaq istərdim” - Aleks “Fənərbaxça” haqda nələr dedi?

13.09.2026 12:36 0
Dünya futbolu
“Fənərbaxça” tarixində və Türkiyə futbolunda iz buraxmış önəmli isimlərdən biri olan Aleks de Souzadan çoxdan xəbər-ətər yoxdu.

Məşqçi karyerasını davam etdirən braziliyalı bu ilin fervalından bəri Braziliyanın B seriyasının təmsilçisi “Atletik Klub”un baş məşqçisi vəzifəsini icra edir. “Yutub”da yeni açılan və cəmi 6 min izləyicisi olan “SMEX Sports” səhifəsi “Fənər”in Çempionlar Liqasında “Roma” ilə matçından öncə əfsanəvi braziliyalı ilə söhbətləşməyə müvəffəq olub. Keçmiş xatirələri yada salan 49 yaşlı Aleks indiki dönəmlə bağlı da maraqlı açıqlamalar verib.

* “Fənərbaxça”nın 18 ildən sonra ÇL-ə vəsiqə qazanması hətta burda Braziliyada da bizləri, yəni klubla əlaqəsi olan adamları sevindirdi. ÇL-ə vəsiqə əldə olunması klubu indiyə qədər bu səviyyələrdə izləyə bilməyən gənc nəsil üçün də gözəl bir andı. Ümid edirəm ki, bu səviyyədə rəqabətədəvamlı komanda olacaqlar və yaxşı performans sərgiləyəcəklər. Türkiyə çempionatında da illər sonra “Fənər”in yenidən çempion olmasını istəyirəm. Püşkün nəticəsi ilə bağlı bir söz deyə bilmərəm. Seçim imkanı yoxdu. Kim düşür-düşsün, istənilən halda çətin olacaqdı. Çünki bu turnirdə İngiltərənin, İspaniyanın, Almaniyanın ən güclü klubları toplaşıb. ÇL macərasının ev oyunu ilə başlaması yaxşı haldı. “Roma” ilə oyun mənə bizim dönəmimizdə “İnter”ə qarşı keçirdiyimiz oyunu xatırladır. 2007-də biz də qrup mərhələsinə “İnter”ə qarşı ev oyunu ilə başlamışdıq. Fanatlarımız əla atmosfer yaratmışdı və Deyvidin gözəl qolu ilə 1:0 qalib gəlmişdik. Ən çətin rəqibi seçmək asan deyil. İlk oyunlar hər zaman qarışıq və çətin keçir. Çünki gözləntilər yüksək olur. Ona görə də ən çətin oyunun məhz birinci oyun olduğunu deyərdim.

* Futbolçu olduğum dönəmdə “Fənər”in indiki rəqiblərindən hansı ilə qarşılaşmaq istərdim? Birini seçməli olsam, “Liverpul”u deyərdim. Məncə, “Liverpul” bu mövsüm Kadıköyə gələcək rəqiblər arasında ən nüfuzlusu və ən çox marağa səbəb olanıdı. Düzdü, digər rəqiblərdə də adlı-sanlı isimlər var. Ancaq bu matçı maraqlı edən məhz “Liverpul”un şöhrətidi. 49 yaşım var və bu qarnımla, bu çəkimlə “Fənər”ə çox da yardım edə bilmərəm (gülür). Ona görə də evdə divanda oturub, oyunu izləmək və komandaya güclü dəstək vermək mənim üçün daha yaxşı olar.

* Mənim dönəmimdə ÇL-də ən mühüm oyunumuzu ÇSKA-ya qarşı keçirmişdik. O ana qədər “Fənər” heç vaxt ÇL-də pley-offa yüksələ bilməmişdi. Həmin gün “İnter” səfərdə PSV ilə oynayırdı. Yəni öz işimizi özümüz həll etməliydik. İlk yarıda hesabda geri düşdük. Amma fasilə ərəfəsində uzaq məsafədən bərabərlik qolunu vurdum. Həmin qoldan sonra stadion sevincdən dağılmağa başladı. Sonra Uğur Boral mənim ötürməmlə 2-ci qolu vurdu. Yekunda 3:1 qalib gəlib, pley-offa çıxdıq. Mənim üçün unudulmaz bir xatirədi.

* Uzaqdan komandanı izləyirəm. Ən son “Beşiktaş”a qarşı derbini də izlədim. Burdan – 18 min km uzaqdan bir söz demək çətindi. Çünki klubda işlərin necə qurulduğunu bilmirəm. Özümü “Fənərbaxça” haqda çox az məlumatı olan bir azarkeş kimi hiss edirəm. Sadəcə, uzaqdan izləyirəm və hər şeyin daha yaxşı olmasını istəyirəm. Bir çox yeni futbolçu gəlib. İsmayıl Kartal müəyyən fasilədən sonra geri dönüb. Məncə, vaxt vermək lazımdı. Klubla bağlı məlumatları əsasən Talişkadan öyrənirdim. Onunla çox danışırdım. Amma indi orda deyil, artıq klubdan ayrılıb. Talişka həqiqətən səviyyəli futbolçudu. Braziliyada da, Portuqaliyada da, “Beşiktaş”da da, elə digər klublarda da yaxşı oynamışdı. “Fənər”də də yaxşı performans sərgilədi. Kluba çox fayda verdi və bundan sonra da verə bilərdi. Amma rəhbərlik və məşqçi korpusu onunla vidalaşmağı lazım bildi. Artıq yeni klubu üçün faydalı olacaq. “Fənər”də isə ümid edirəm ki, heyətdə yer alanlar yaxşı performans sərgiləyəcək.

* Geriyə boylananda “Fənərbaxça” formasını bu qədər uzun müddət daşımaq və bu dərəcədə sevgiyə layiq olmaq fürsətini mənə verdiyi üçün Tanrıya şükr edirəm. Bugünkü futbolçulara da eyni zövqü yaşamağı arzulayıram. Mənim orda hiss etdiyim sevgi və hörməti onların da hiss etməsini arzulayıram. 8 ilə yaxın o klubda möhtəşəm bir dönəm keçirdim və əlimdən gələni etdim. Bəzən işə yaradı, bəzən isə çox da yaramadı. Amma fanatların mənə, mənim də onlara olan sevgim və hörmətim həmişə çox gözəldi. Bu proses indiyə qədər də davam edir.

* İndiki heyətdə yer alanlardan Asensionu çox bəyənirəm. Onu İspaniyada adından söz etdirməyə başladığı ilk illərdən təqib edirəm. Hazırda zədəsi var. Ümid edirəm ki, tezliklə sağalacaq və səviyyəsi ilə komandaya fayda verməyə başlayacaq. Ardanı da “Real”da böyük məmnuniyyətlə izləyirəm. “Real”da braziliyalı dostlarım var. Ona görə də Arda ilə bağlı xəbərləri birinci əldən alıram. DÇ macərası onun üçün və türklər üçün istənilən şəkildə keçmədi. Amma belə durumlar əksinə, futbolçunu gücləndirir və təcrübə qazandırır. “Real”ın yeni məşqçisiylə yeni səviyyəyə yüksələcəyinə inanıram. Ona çox güvənirəm və sevirəm. Böyük potensialı var. Vaxt ötdükcə və yaşı artdıqca daha güclü olacaq.

* “Fənər”in Arda Turanın “Şaxtyor”una qarşı oyununu da maraqla gözləməyə dəyər. Mən Ardanı hələ onun “Manisaspor”da oynadığı dönəmdən xatırlayıram. Sonra “Qalatasaray”da adından söz etdirdi və kapitanlığa qədər yüksəldi. Sonra İspaniya futbolunda iz buraxdı. İndi də “Şaxtyor”la “Fənər”ə rəqib olub. Ukrayna təmsilçisi olsa da, heyətlərində səhv etmirəmsə, 14-ə yaxın braziliyalı futbolçu var. Orda bu ənənə Mirça Luçeskunun dönəmindən qoyulub. Klub hələ də bu siyasəti davam etdirərək gənc və istedadlı braziliyalılara güvənir. Hazırda Ardanın əlinin altındakı braziliyalılardan bir çoxunu yaxından tanıyıram. Çox maraqlı bir duel olacaq. Amma o oyuna hələ iki ay var. Şübhəsiz, həmin matç həm Arda üçün, həm də onu bu dəfə fərqli bir rəqib kimi qarşılayacaq “Fənərbaxça” azarkeşləri üçün gözəl olacaq.